Şahzadə Çarlz bin Ladenin qohumlarından milyon funt sterlinq ianə qəbul edib

Şahzadə Çarlz bin Ladenin qohumlarından milyon funt sterlinq ianə qəbul edib
2 Avqust 2022
Mətni dəyiş

2013-cü ildə Britaniya tacının varisi Şahzadə Çarlz "Əl-Qaidə"nin keçmiş lideri Usamə bin Ladenin ögey qardaşlarından 1 milyon funt-sterlinq ianə qəbul edib. Bu barədə "BBC News" "The Sunday Times"-a istinadən yazır.

Uels Şahzadəsi Xeyriyyə Fonduna (PWCF) ianəni “Saudi Binladin Group” tikinti konqlomeratının keçmiş sədri Bəkr bin Laden və onun qardaşı Bəkr Şəfik edib. Nəşr iddia edir ki, şahzadə Çarlz PWCF və kral ailəsinin Klarens Hausunun Vestminster iqamətgahının müşavirlərinin etirazlarına baxmayaraq, Usamə bin Ladenin qohumlarından pul almağa razılaşıb.

Şahzadə Bəkr bin Ladenlə 2013-cü il oktyabrın 30-da keçmiş "Əl-Qaidə" liderinin öldürülməsindən iki il sonra Klarens Hausda görüşüb.

Bununla belə, Uels Şahzadəsi Fondunun sədri ser Yan Çeşir bildirib ki, pulun alınması barədə qərar xeyriyyə təşkilatının qəyyumları tərəfindən diqqətlə araşdırıldıqdan sonra verilib - hətta Xarici İşlər Nazirliyi də ianəni təsdiqləyib, "BBC News" xəbər verir.

Həmçinin qeyd edilir ki, Usamə bin Ladenin ailəsi 1994-cü ildə ondan imtina edib və qardaşlarının onun fəaliyyəti ilə əlaqəsi olduğunu düşünməyə əsas yoxdur.

İyun ayında "The Sunday Times" qəzeti 2011-2015-ci illər arasında Şahzadə Çarlzın Qətərin keçmiş baş naziri Qətər Şeyxi Həməd bin Casimdən öz fondu üçün ianələri şəxsən qəbul etdiyini yazmışdı. İanələrin ümumi məbləği üç milyon avro təşkil edib. Klarens Haus bildirib ki, alınan vəsait dərhal şahzadənin xeyriyyə təşkilatlarından birinə köçürülüb və bütün lazımi prosedurlara əməl olunub.

2021-ci ildə "Times" Şahzadənin köməkçisi Maykl Fosetin bir xeyriyyə fonduna ianə etdiyi üçün səudiyyəli bir iş adamına vətəndaşlıq və digər mükafatlar almağı təklif etdiyini bildirmişdi. 2022-ci ilin fevralında polis bu hadisə ilə bağlı araşdırmaya başlayıb. Klarens Haus Şahzadə Çarlzın müqavilədən xəbərsiz olduğunu söyləyib.

Usamə bin Laden Əl-Qaidə terror təşkilatının əsasını 1980-ci illərin sonlarında qoyub. Bu təşkilat üzvləri 2001-ci il sentyabrın 11-də dörd sərnişin təyyarəsini qaçıraraq ABŞ ərazisindəki müxtəlif obyektlərə göndərib: onlardan biri Pentaqonun binasına, digər ikisi Dünya Ticarət Mərkəzinin qüllələrinə çırpılıb. Sonuncu təyyarə Pensilvaniyada qəzaya uğrayıb. Hücum nəticəsində 3 minə yaxın insan həlak olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun