Media Hüququ Qrupu Baş Prokurorluğu qınayan bəyanat yayıb

Media Hüququ Qrupu Baş Prokurorluğu qınayan bəyanat yayıb
1 Avqust 2022

“Jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin yazdıqları yazı, mülahizə və tənqidlərə görə çək-çevirə salınmasından dərin narahatlıq keçiririk”. Media Hüququ Qrupunun (MHQ) iyulun 30-da yaydığı bəyanatda belə deyilir. 
 
İyulda jurnalistlər Fikrət Fərəməzoğlu, Səxavət Məmmədov, Aqil Alışov, bloqer Tofiq Şahmuradov və bir qrup sosial şəbəkə istifadəçisi Baş Prokurorluğa çağırılıb. Yazılarına, sosial şəbəkələrdəki paylaşımlarına görə sorğu-sual ediliblər. 
 
Onlardan T. Şahmuradov sosial şəbəkədə “qanunla yayılması qadağan edilən” informasiya yerləşdirməkdə günahlandırılaraq 1 aylıq inzibati həbs cəzasına məhkum olunub.  
 
Digər jurnalistlərə isə yazılarına görə rəsmi qaydada xəbərdarlıq edilib. Eyni zamanda adı çəkilən jurnalistlər əvvəlki aylarda da oxşarlıq xəbərdarlıq almışdı.  
 
Baş Prokurorluq sözügedən şəxslərin hansı qadağan edilmiş informasiyanı yaydığını, yaxud da pozuntuya yol verdiklərini dəqiq olaraq açıqlamayıb. 
 
Qurumun açıqlamasında yalnız onların "Media haqqında” qanunu pozduğu, faktları və hadisələri qərəzsiz və obyektiv təqdim etmədiyi, birtərəfliliyə yol verildiyi bildirilib. 
 
MHQ təşkilatı  Baş Prokurorluğun istinad etdiyi “Media haqqında” qanunun tələblərini belə şərh edib: 

“Sözügedən qanunun 14 maddəsinin tələbləri, şəxslərə yox, media subyektlərinə yönəlik tələbdir və fərdlərə münasibətdə tətbiq edilməməlidir. Jurnalistlər, ümumiyyətlə hər kəs öz rəyində qalmaq kimi mütləq azadlığa, öz düşüncələrini ifadə etmək hüququna sahibdir, qanunvericilik fərdlərin üzərində öz düşüncələrini, mülahizələrini, tənqidlərini ifadə edərkən balanslı informasiya yayma öhdəliyi qoya bilməz”.  
 
Bəyanatda bildirilir ki, jurnalist fəaliyyəti, məlumat toplama, ötürmə təkcə onlara dövlət qurumlarının, rəsmilərinin, ayrı-ayrı şəxslərin könüllü verdikləri məlumatları yaymaqla, sadəcə gözlə müşahidə etməklə məhdudlaşdırıla bilməz: 
 
“Demokratik toplumda jurnalistin üzərinə düşən vəzifə, jurnalist fəaliyyətinin cəmiyyətə gətirdiyi fayda ayrı-ayrı dövlət qurumlarının yerinə yetirdikləri vəzifələrdən az önəmli sayıla bilməz. Media Hüququ Qrupu bütün dövlət qurumlarının vəzifəli şəxslərini jurnalistlərlə, sosial şəbəkə istifadəçiləri ilə belə davranışlardan çəkinməyə, bu yanlış praktikanı dəyişməyə çağırır”.

Toplum TV

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun