Kosovo və Serbiya arasında gərginlik: Serb sənədlərinə qadağa bir ay təxirə salına bilər

Kosovo və Serbiya arasında gərginlik: Serb sənədlərinə qadağa bir ay təxirə salına bilər
1 Avqust 2022
Mətni dəyiş

Qismən tanınan Kosova Respublikası hökuməti iyulun 29-da elan edilmiş Serbiya vətəndaşları üçün ölkəyə yeni giriş qaydalarının tətbiqini bir ay müddətinə təxirə salmaq qərarına gəlib.

 Yerli televiziyanın məlumatına görə, Kosova hökuməti bazar ertəsi Serbiya ilə inzibati sərhəddəki keçid məntəqələrində barrikadalar götürülərsə, bu tədbirlərin sentyabrın 1-nə qədər təxirə salınacağını bildirib. Qərarın ABŞ hakimiyyətinin tələbi ilə verildiyi qeyd olunub. 

Bazar günü Kosovanın şimalında yaşayan serblər Serbiya ilə iki əsas sərhəd keçid məntəqəsinin yaxınlığında yolları bağlayıblar. Daha sonra Kosova polisi bildirib ki, buna görə onlar Yarine və Brnjak keçid məntəqələrini insanların və nəqliyyat vasitələrinin keçidi üçün bağlamaq məcburiyyətində qalıblar.

Kosova hökuməti avqustun 1-dən etibarən Serbiyadan respublikaya daxil olanların orada verilmiş şəxsiyyət vəsiqələrini Priştinanın verdiyi sənədlərlə dəyişməyi əmr edib,  bu sənədlərdə etibarlılıq müddəti 3 ayı keçməməlidir. “Azadlıq” radiosunun Balkan xidməti qeyd edir ki, bu tədbir Belqradın Kosova vətəndaşlarının Serbiyaya səfəri zamanı tətbiq etdiyi prosedurla eynidir. 

Dəyişikliklər avtomobillərin dövlət nömrə nişanlarına da şamil edilir. Kosovanın şimalında yaşayan serblər hələ də Serb qurumları tərəfindən verilən nömrələrdən istifadə edirlər. 2008-ci ildə Belqraddan müstəqilliyini elan edən Priştina sentyabrın sonunadək Kosova Respublikasının abbreviaturası olan nişanları tətbiq etməkdə israrlıdır.

Yeni məhdudiyyətlər əsasən Kosovanın şimalında, etnik serblərin yaşadığı Kosovska Mitrovitsa şəhərinin sakinlərinə şamil edilməlidir. Serbiya Kosovanın müstəqilliyini tanımır və buna görə də bu şəhəri öz ərazisi hesab edir.

Kosova və Serbiya hakimiyyəti bir-birini sərhəddəki vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovanın şimalında etnik serblərin təqib edildiyini açıqlayıb. Bununla belə o qeyd edib ki, dialoqun davam etməsi "bizim üçün son dərəcə vacibdir, biz məsələləri sülh yolu ilə həll etməyi qərara almışıq".

Kosovanın Baş naziri Albin Kurti isə deyib ki, Priştinanın qərarı “Serbiyanın 11 il əvvəl həyata keçirməyə başladığı” prosedura cavabdır.

Kosovadakı beynəlxalq təhlükəsizlik qüvvələri lazım gələrsə, prosesə müdaxilə etməyə hazır olduqlarını bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun