İranda qadınları bir daha stadiona buraxdılar

İranda qadınları bir daha stadiona buraxdılar
29 Avqust 2022
Mətni dəyiş

İranda son onilliklərdə ilk dəfə olaraq qadınların stadiona girişinə icazə verilib.

AzadlıqRadiosu yazır ki, qadınlar avqustun 25-də bu icazədən, etiraz olaraq özünü yandırmış Səhər Xudayarinin xatirəsini yad etmək üçün istifadə ediblər.

Qadınlar Tehranın Azadi stadionunda “Mavi qız! Mavi qız!” şüarı səsləndirirdilər. Mavi Xudayarinin sevimli komandası Esteqlal klubunun rəmzi sayılır.

29 yaşlı Səhər Xudayari 2019-cu ildə məhkəmə binasının qarşısında özünə od vuraraq yandırmışdı. Xudayarini Azadi stadionuna girə bilmək üçün kişi paltarı geyindiyinə görə mühakimə edirdilər.

AzadlıqRadiosunun müxbiri Qolnaz Esfəndiyari yazır ki, Xudayarinin ölümü qadınların idman yarışlarına stadionlarda tamaşa etmək hüququ uğrunda mübarizəyə güclü təkan verib.

Bu hadisədən sonra İran hökuməti qadın azarkeşləri bir neçə matça buraxmağa məcbur olub.

Avqustun 25-də Esteqlal və Mes-e Kerman klubları arasında keçirilən matça nə qədər qadının buraxıldığı məlum deyil.

Dövlət mediası yazır ki, 100 minlik stadionda qadınlar üçün 500 yer ayrılmışdı.

İran xəbər agentliklərinin dərc etdikləri fotolarda azarkeşlərin “Qadınlar bundan artığına layiqdirlər!” yazılı plakat qaldırdıqları görünür.

Sözü gedən matça tamaşa etmək üçün gələn qadınlar habelə İran futbolçusu Vorya Qafuriyə dəstək ifadə ediblər. Bu futbolçu hökumətin qatı tənqidçilərindən hesab olunur.

Esteqlal klubu özünün rəsmi Twitter hesabında qadınların stadiona buraxılmasını alqışlayan post yazıb:

“Biz sizin Azadi stadionunda olmanızdan çox məmnunuq”.

Esteqlal klubunun baş məşqçisi və futbolçuları tribunalara daxil olan qadınları salamlayıblar.

İranda bir çox sosial media istifadəçiləri qadınların stadiona gəlməsinə icazə verilməsini təqdir edən postlar yazıblar.

Fəal Məhəmməd Kərim Asayiş Twitter-də yazıb ki, “500 qadın azarkeş çox azdır”. O əlavə edib ki, “Səhər Xudayari bu səddi vurub keçib”.

Qadın jurnalist Hoda Haşemi isə yazıb ki, “Azadi stadionu axır ki, öz mənasını kəsb etdi”.

Farsca Azadi - Azadlıq deməkdir.

İranda 1979-cu il İslam İnqilabından sonra qadınların stadionlara daxil olması qadağandır.

Lakin dünya futbol təşkilatı - FIFA-nın da təzyiqləri ilə hakimiyyət son illərdə qadınların bir neçə matça stadionda tamaşa etməsinə icazə verib.

2019-cu ilin sentyabrında FIFA İranın qarşısında qadınların məhdudiyyətsiz olaraq stadionlara buraxılması tələbini qoymuşdi.

2019-cu ilin oktyabrında İran hökuməti ilk fdəfə olaraq 4 minədək qadının İran-Kamboca matçına stadionda tamaşa etməsinə icazə vermişdi.

Avqustun 25-də isə qadınlar ilk dəfə olaraq İranın iki futbol klubu arasında keçirilən matça buraxılıblar.

Ötən həftə İranın daxili işlər naziri Əhməd Vahidi demişdi ki, İranda qadınların stadionlara daxil olması qadağan deyil, sadəcə olaraq bir çox idman qurğuları qadın azarkeşlərin qəbulu üçün uyğunlaşdırılmayıb.

İranda qadınların bəzi matçlara stadionlarda tamaşa etməsinə icazə verilsə də, onlar bunu yalnız xüsusi olaraq qadınlar üçün ayrılmış sektorda edə bilirlər.

(Azadlıq)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun