Baş Prokurorluq növbəti dəfə fikirlərinə görə bir neçə sosial şəbəkə istifadəçisinə xəbərdarlıq edib

Baş Prokurorluq növbəti dəfə fikirlərinə görə bir neçə sosial şəbəkə istifadəçisinə xəbərdarlıq edib Foto: Baş Prokurorluq
8 Avqust 2022
Mətni dəyiş

Azərbaycan Baş Prokurorluğu ictimai fəalların prokurorluğa çağırılması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluq ictimai fəal Rüstəm İsmayılbəylinin və daha bir neçə nəfərin sosial media hesabındakı yazılarına görə bu quruma çağırılması haqda açıqlama yayıb. Sosial şəbəkələrdə paylaşımlarına görə Baş Prokurorluğa çağırılıb xəbərdarlıq edilənlər arasında Fərid Hüseynov, Goranboy sakini Elmar Məmmədov və Mingəçevirdə yaşayan Gülay Eyvazova da var.

Qurumun məlumatında bildirilib ki, bəzi hallarda sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan ordusnun tədbirlərinə kölgə salan, hərbi əməliyyatların keçirilməsinə qarşı çıxan, yalan məlumat yayan şəxslərə xəbərdarlıq edib. Xəbərdarliqda belə halların xoş niyyət daşımadığı, həmin cəhdlər informasiya azadlığı, kontekstdən çıxarılmış tarixi sitatlar və saxta pasifist baxışlarla pərdələndiyi vurğulanır.  

Rüstəm İsmayılbəyli avqustun 4-də Baş Prokurorluqdan çıxandan sonra bildirmişdi ki, “Facebook” hesabında Atatürkdən gətirdiyi sitata görə dindirilib. İctimai fəal Atatürkün “xalqın azadlığı təhlükə altında qalmadığı müddətdə müharibə başlatmaq cinayətdir” fikrini sosial media hesabında paylaşmışdı.

“Həmin cümləni prokurorluq milli təhlükəsizliyə təhdid ola biləcək cümlə sayıb…“, – Rüstəm İsmayılbəyli bildirib.

Baş Prokurorluq isə iddia edir ki, bu sitat kontekstdən çıxarılıb.

Baş prokurorluq bildirir ki, adı çəkilən şəxslərlə aparılmış söhbət zamanı onlara əməllərinin ictimai təhlükəli nəticələri izah edilib və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən bu şəxslərə xəbərdarlıq elan edilib.

Bir müddətdir ki, Azərbaycanda insanların fikirlərinə görə prokurorluğa çağırılması və məsuliyyətə cəlb olunması intensiv hal alıb. 

Son iki həftə ərzində Azərbaycanda xeyli sosial şəbəkə istifadəçiləri, o cümlədən ictimai-siyasi fəallar, jurnalistlər paylaşımlarına görə Baş Prokurorluğa çağırılaraq, onlara xəbərdarlıq edilib. Onların arasında Demokratiya-1918 (D-18) Hərəkatının keçmiş sədri Ruslan İzzətli, jurnalistlər Fikrət Fərəməzoğlu, Səxavət Məmməd və digərləri var.

Prokurorluq ictimai-siyasi fəalların və müxtəlif bölgələrdən olan vətəndaşların çağırılmasını, onlara yazılarına görə xəbərdarlıq olunmasını “ictimai-siyasi sabitliyin, hüquq və azadlıqların pozulmasına yönələn halların qarşısının alınması” məqsədilə izah edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun