Baş Prokurorluq çimərliyə gedən qadınları təhqir edən din xadiminə xəbərdarlıq edib

Baş Prokurorluq çimərliyə gedən qadınları təhqir edən din xadiminə xəbərdarlıq edib
5 Avqust 2022

Baş Prokurorluq İnternet resurslarında bir-birini təhqir edən şəxslərə xəbərdarlıq edib. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Bildirilib ki, bəzi hallarda mediada və sosial şəbəkə səhifələrində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyinin salınması, bu zəmində fərdlərin dünya görüşünə görə ləyaqətinin alçaldılması halları baş verir.

Sənəddə vurğulanır ki, Baş Prokurorluq tərəfindən aparılan monitorinq nəticəsində müəyyən edilib ki, Abşeron rayon sakini Təyyar Hüseynli  fərqli dünya görüşünə və əqidəyə malik olan şəxslərin barəsində kəskin və təhqiramiz ifadələr işlədib.

Bunun davamı olaraq baş verən müzakirələrdə Mübariz Sadıqlı, Nicat Dadaşov və İrşad Muradov və digər şəxslər tərəfindən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılıb.

Sənədə görə, bununla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında qanunun 13-2.2.3 və 13-2.3.9-cü maddələrinin tələbləri pozulub.

Prokurorluqda həmin şəxslərlə aparılan söhbət zamanı belə yazıların yanlış olduğunu dərk etdiklərini, gələcəkdə bu cür pozuntulara yol verməyəcəklərini nəzərə alaraq onlara xəbərdarlıq elan edilib.

Baş Prokurorluq media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edilərək gələcəkdə belə məlumatların yayılmamasını tələb edir, əks halda müvafiq qanuni tədbirlərin görüləcəyini bildirir.

Qeyd edək ki, Təyyar Hüseynli çimərliklərə öz xanımları ilə gələn kişiləri qınayıb və təhqir edib. O, gender prinsipi üzrə  ayrı-ayrı çimərliklərin yaradılmasını təklif edib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun