“Ustalıq” - Orxan Adıgözəl

“Ustalıq” - Orxan Adıgözəl
26 İyul 2022
Mətni dəyiş

Robert Qrinin “Ustalıq” kitabı məni elə məst eləmişdi ki, onun başgicəlləndirici təsiri bir xeyli çəkdi.

Bundan əvvəl müəllifin “Hakimiyyətin 48 qanunu” və “Yoldançıxarma sənəti” əsərlərini oxumuşdum.

“Hakimiyyətin 48 qanunu” Amerika həbsxanalarında ən çox oxunan kitablardandır. Spekulyasiya və manipulyasiya təbliğatçısı rolundakı həmin kitab, qanqsterlər arasında da ən çox müraciət olunanlardandır. Qrinin həmin kitabını oxuyanda, elə bil Makiavellinin üst səviyyəli variantda olan sələfi ilə tanış olurdum.

“Yoldançıxarma sənəti” kitabı barədə heç nə bildirməyəcəyəm. Adından çox şey məlum olur.

“Ustalıq”ın anotasiyasını oxuyanda fərqli məzmun görüb, bir qədər təəccübləndim. Yəni Robert Qrin, xarakterin mənəvi cəhətdən güclənməsinə xitab edən kitab yazıb?!
Oxuduqca təəccübüm daha da artırdı. Hətta bir ara düşündüm ki, cənab Qrin hansısa ibrətli hadisə nəticəsində “islah” olaraq, ciddi şəkildə dəyişib. Elə bil satanist tövbə edib, Tanrıya tərəf üz tuturmuş kimi obraz yaradırdı.

Əlqərəz! “Mastery” yəni “Ustalıq” kitabı öz “həyat işi”ni axtaranlar üçün əla bələdçidir. “Ustalıq” oxucunu konstruktivliyə və səmərəliliyə dəvət edir. Qrinin ritorikası peyğəmbərsayağı olduğu üçün, oxucu onun dəvətinə qucaq açmaya bilmir. Həmin yaradıcı səsləniş və çağırış, səhrada susuz qalan dərvişin təşnəsini yatırtmağa çalışan su təklifi kimi qiymətlidir.

Kitab yaradıcılıqla doludur. Orada “Hakimiyyətin 48 qanunu” bestsellerindən fərqli olaraq, məsləhətlər bol deyil. Leonordo Davinçi, Albert Eynşteyn kimi şəxsiyyətlərin bioqrafiyasının əhəmiyyətli hissəsini təhlil edib, oxucuya “bişmiş” nümunələr göstərən müəllif, psixoloji və sosioloji analizlərin fonunda, mentorsayağı tövsiyələr edir. Həmin tövsiyələr yerli-yerində, umulan yerdə ortaya çıxan nəsnə kimi vacib və bərəkətli olur. Bu dəfə Qrin fikirlərini soxuşdurub, sırımır. Onun məsləhət və mülahizələri müdrik təəssürat doğurur.

Kitabı bir çox dost-tanışa tövsiyə etdim. Dostuma doğum günündə hədiyyə verdim. Çünki “Ustalıq” mənə tam zamanında gəlib, çatmışdı. Hətta onu vərəqləyəndə, əvvəl düşünürdüm ki, siyahımda olan bir başqa kitabları oxuduqdan sonra, ona müraciət edərəm. Sən saydığını say, gör Robert Qrin nə sayır. Bəli, əsər elə qarmaq atdı ki, ondan qaça bilmədim. Yaxşı ki, də qaçmadım. Biliklə dolub, fəlsəfə ilə yoğruldum. Bunlar şişirdilmiş sözlər kimi gələ bilər. Onsuz da heç kimi inandırmağa çalışmıram. Şişirtməklə də aram yoxdur. Bu yazım, özünü ədəbi ifadə ilə birgə, kitabdan aldığım təsirin refleksiyasını ortaya çıxarmağa xidmət edir. Yəni, əziz xanımlar və cənablar, bu məqaləni ən çox özüm üçün yazıram. Sonra onu oxuyanda, “Ustalıq” kitabının məndə hansı duyğular yaratdığını sezmək istəyirəm.

“Ustalıq” tarixi şəxsiyyətlərin karyera təkamülünü, inkişaf tezisini, uğura necə çatmalarını göstərməklə bərabər, bir növ şəxsi biznes kouçu rolunda da oynayır. Kitabı oxuyarkən, sanırdım ki, biznes konsultantımla səmimi söhbət edirəm. Bəziləri Qrini bir çox məsələləri təkrarlamaqda günahlandırır. Mən bu halı şəxsən yüksək qiymətləndirirəm. Əgər müəllif, kitabında kimyaçı Maykl Faradeyn həyatındakı müəyyən məqamlardan bir neçə bölmədə bəhs edirsə, bu banal təkrarçılıq yox, informasiyanı qüvvətli şəkildə ötürmək niyyətindən qaynaqlanır.
Qrin peşəkar müəllim kimi çox yaxşı anlayır ki, insan unutqan varlıqdır. Səmavi kitablarda bir çox sitatların təkrar-təkrar çatdırılması da buna görədir. Altşüura nəyinsə hopması və orada bərkiməsi üçün “təkrar biliyin anasıdır” prinsipinə riayət etmək fərzdir. “Ustalıq”da da qeyd olunur ki, bir işdə usta və peşəkar olmaq üçün ona 10 000 saat vaxt ayırmaq lazımdır. Bu prinsip kitabda detallı şəkildə açıqlanır və oxucuya sadə dillə, rəngarəng tarixi nümunələr ilə ötürülür.

Kitabda qiymətli məlumatlar toplusu – fəlsəfənin, tarixin, psixologiyanın, ədəbiyyat və sosiologiyanın vasitəsi ilə çatdırılır. Yazıçıların, siyasətçilərin, filosofların aforizmləri isə elə yerində verilir ki, aldığımız məlumatların üzərinə sanki dadlı bir souz əlavə olunur. Dadlı mütaliə - bax buna deyilir.

Müəllif həyati situasiyalara orjinal strateji yanaşmaları, işlək təcrübi metodları üzərindən gəlib, oxucuya keyfiyyətli təkliflər irəli sürür. Bütün bunları fəlsəfi və psixoloji səpkidə təhlil olunur və qızıl teştdə qarşımıza gətirilir.

Yaradıcı və iş sahəsində özünürealizə etmək üçün “Ustalıq” çox yaxşı kitabdır və o, “necə uğurlu olmalı” kimi fərdi və unikal məsələni ümumiləşdirmə şəklində oxucuya ötürən ədəbiyyat nümunələrindən deyil. Amadey Motsart, Çarlz Darvin kimi şəxsiyyətlərin uşaqlıqdan gənclik dönəminə qədər olan dövri iş prinsiplərinə, onların necə “özlərini və həyat işlərini” tapmalarına işıq saçan kitab, beynin “möcüzə”vi və “qaranlıq” tərəflərinə psixoloji nöqteyi-nəzərdən də toxunmağı unutmur.

Nə yaxşı ki, bu kitab dilimizə tərcümə edilib, nəşr olunub. Firidun Ağazadəyə peşəkar tərcüməyə görə təşəkkür edirəm.
“Ustalıq” diqqətəlayiq kitabdır. Xoş mütaliələr!

Orxan Adıgözəl

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun