Rusiya Federasiyasının Dövlət Duması Ukraynanın “terrorçu dövlət” kimi tanınmasını təklif edib

Rusiya Federasiyasının Dövlət Duması Ukraynanın “terrorçu dövlət” kimi tanınmasını təklif edib
27 İyul 2022
Mətni dəyiş

Ukraynanın "terrorçu dövlət" kimi tanınması haqqında qanun layihəsi Rusiya Federasiyasının Dövlət Dumasına təqdim edilib, çərşənbə axşamı TASS xəbər agentliyi "Ədalətli Rusiya - Həqiqət naminə" Duma fraksiyasının rəhbəri Sergey Mironova istinadən xəbər verir. Sənədi məhz bu fraksiya hazırlayıb.

Qanun layihəsi ilə tanış olan RİA Novosti bildirir ki, burada digər xarici dövlətlərin “terrorçu” və ya “terrorçuluğun sponsoru olan dövlətlər" kimi tanınması da nəzərdə tutulur. “Terrorçu” dövlətlərə hərbi yardım çatdıran ölkələr "sponsorlar" siyahısına daxil ediləcəklər. Rusiya Federasiyasının hökuməti belə dövlətlərin siyahısını tərtib etmək üçün məsuliyyət daşımalıdır.

Dövlətin “terrorçu” kimi tanınması üçün əsaslar “partlayışların, yanğınların və ya əhalini qorxudan və insan ölümü təhlükəsi yaradan digər aksiyaların təşkilinə görə sübut edilmiş məsuliyyət”, “qanunsuz silahlı dəstə və cinayətkar birliyin təşkili”; "ərazinin bir hissəsinin özgəninkiləşdirilməsinə və ya Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulmasına çağırış" olacaq.

Sənədə əsasən, bir ölkənin “terrorçu” kimi tanınması bütün diplomatik münasibətlərin kəsilməsini və onun vətəndaşlarına məxsus əmlakın müsadirə edilməsini nəzərdə tutur.

Rusiya qoşunlarının Ukrayna ərazisinə silahlı hücumu başlayandan bəri prezident Volodimir Zelenski dəfələrlə Qərb ölkələrini, xüsusən də ABŞ-ı Rusiyanı terrorçu dövlət kimi tanımağa çağırıb. Ukraynada yeni qanunvericiliyə əsasən, ölkədə hərbi vəziyyət dövründə qondarma “xüsusi əməliyyat”a dəstək verən Rusiya vətəndaşlarının əmlakının müsadirəsinə icazə verilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun