Milyonlarla vergi borcu olan şirkətlər Qarabağda milyardlıq tenderləri necə “udub”? [Araşdırma]

Milyonlarla vergi borcu olan şirkətlər Qarabağda milyardlıq tenderləri necə “udub”? [Araşdırma]
31 İyul 2022
Mətni dəyiş

Araşdırmanın I hissəsini buradan oxuyun

1 milyarddan çox vəsaitin ayrıldığı yol layihələrini tendersiz icra edən şirkətlər kimlərə bağlıdır?

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun inşasına cəlb edilən türk şirkətləri  “Kolin Group” (və ya Koloğlu Holdinq), “Cengiz Holdinq” və “Kalyon Group” dünyada ən çox dövlət tenderlərini qazanan şirkətlər arasında ilk onluqdadırlar. Bu barədə Dünya Bankının “İnfrastruktur İnvestisiyalarında Özəl Sektorun İştirakı Məlumat Bazası”nda  qeyd olunur.

Sözügedən türk şirkətləri ilə bağlı Türkiyədə” 5-li koalisiya” adı verilir və Ərdoğan ailəsinə yaxınlıqları ilə diqqət çəkir. Bu şirkətlərin də yüksəlişi, dövlət tenderlərində iştirakı Ərdoğanın İstanbul bələdiyyəsinin sədri seçilməsindən sonra başlayıb. Türkiyədə həmin şirkətlər üçün “vergi cənnəti” qurulub. Son 10 ildə “Cengiz” 30 dəfə, “Kolin” 36 dəfə, “Kalyon” şirkəti 19 dəfə vergi və rüsum borclarından azad ediliblər.

Bu şirkətər Azərbaycanda da iri yol infrastruktur layihələrində “bir mənbədən sifariş əsasında” tendersiz iştirak edirlər və dövlət büdcəsinə böyük vergi borcları var.

Şirkət nümayəndələri işi görmək üçün aldıqları puldan danışmaq istəmirlər

Şirkət nümayəndələri ilə “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində rastlaşırıq. Onlar yolların tikintisi üçün aldıqları məbləğ və tenderlə bağlı suallara cavab verməkdən boyun qaçırırlar:

“Dövlətin qərarıdır. Dövlətin işi görmək müddəti və söylədikləri nədirsə, onlar burada həyata keçirilir. Bu kimi mövzuları siz Avtomobil Yolları Dövlət Agentliyindən və yaxud da Dəmir Yolları QSC-dən alarsınız. Biz nəticədə sizin dediyiniz kimi podratçıyıq, onlar sifarişçidir”- “Kalyon” şirkətinin layihə rəhbəri Eftal Gökce deyir.

Tenderdə iştirak edib-etmədiklərini soruşuruq. Deyir ki; “Bu məsələlərlə bağlı sualları onlardan (oxu: hökumət qurumlarından) soruşun. Biz işi görürük. Bu kimi şeyləri onlardan soruşun”.

“Bizim bu mövzu ilə bağlı bir şey deməyimiz doğru deyil çünki dövlətlə şirkət arasında pul münasibətidir. Onu dövlətin deməyi doğrudur. Pulu verən onu deməlidir. Mən də bu mövzuda məlumat verə bilərəm, amma doğru olmaz”-  “Kolin” şirkətinin sözçüsü Murat Mert Çetin deyir.

Bəs milyonluq vergi borcu olan şirkətlərə necə milyardlıq layihələr verildi?

“Kalyon” şirkətinin Azərbaycandakı nümayəndəliyi 2021-ci ilin martın 4-də  dövlət reyestrində qeydiyyatdan keçməsindən cəmi bir ay sonra tendersiz Qarabağ və Zəngəzurda milyonluq investisiya layihələrinə qoşulub.

“Kalyon Group” Türkiyə prezidenti R.T.Ərdoğanın kürəkəni  Berat Albayraka yaxın şirkətdir. Belə ki, keçmiş enerji və təbii sərvətlər naziri Berat Albayrakın qardaşı Serhat Albayrak və “Kalyon İnşaat”ın sahibi Ömər Faruk Kalyoncu birgə NUN Təhsil və Mədəniyyət Fondu təsis ediblər. Fond Türkiyədə 2018-ci ildən vergidən azad edilənlərin sırasına daxil edilib.

Bundan başqa Ərdoğan və Kalyoncu ailələri arasında sıx münasibətlər var. Hətta bu münasibətlər elə bir səviyyədə qurulub ki,  Ərdoğan holdinqin sahibi Cemal Kalyoncunun oğlu Mehmet Kalyoncunun nikah şahidi olub.

Yeri gəlmişkən, Cemal Kalyoncunun adı 2013-cü ilin dekabrında Türkiyədə keçirilən “yolsuzluk və rüşvət əməliyyatında” keçir. Həmin əməliyyat çərçivəsində prokurorluq onun barəsində cinayət işi açıb saxlanılma qərarı çıxarsa da, polis bunu icra etməmişdi. Onun əmlakına qoyulan həbs isə 14 yanvarda qaldırılmışdı.

Digər şirkət - “Kolin İnşaat Turizm Sənaye və Ticarət” Şirkətinin Azərbaycandakı nümayəndəliyinin 2021-ci ildə Qarabağla bağlı layihələrin sifarişini alarkən  585 min 322 manatlıq vergi  borcu olub. Yalnız 2022-ci ilin birinci rübündə şirkət borcunu sıfırlaya bilib.   

Hazırda işğaldan azad olunan ərazilərdə yol tikintisi işini aparan  "Cengiz İnşaat Sanaye və Ticaret şirkətinin Azərbaycandakı Filialı”  2007-ci ildən fəaliyyət göstərir. Şirkətlə bağlı Azərbaycan və türk mediasında gedən araşdırmalardan da görünür ki, bu şirkət də Ərdoğan ailəsinə bağlıdır.

“Cengiz” Holdinq Türkiyədə dövlətin icra etdiyi layihələrin tenderində ən çox qalib olan şirkətlərdən biridir və sahibi Mehmet Cengizin adı offşor sənədlərində yer alır. Mehmet Cengiz həm də “Rəcəb Tayyib Ərdoğan İnkişaf Dərnəyi” Təsisçilər Şurasının üzvüdür.

Sözügedən şirkətlərlə bərabər “Polat Yol Yapı Sanaye və Ticaret” adlı türk şirkəti də Qarabağda işləyir. Bu şirkətin 6,2 milyon manat vergi borcu olduğu halda işğaldan azad olunmuş ərazilərdə sifarişlər götürüb.

Qeyd edək ki, bu şirkət keçmiş nəqliyyat naziri Ziya Məmmədovdan böyük dövlət sifarişlərini tendersiz alan və Azərbaycanda çəkilən keyfiyyətsiz avtomobil yollarına görə məşhurdur.  İşçilər sözügedən türk şirkətinin iş saatına əməl etməməsi, onları tələb olunan vaxtdan daha çox çalışdırmasına görə narazılıqlar ediblər.

Azərbaycanın ən nəhəng tikinti şirkəti olan “AzVirt”in də 728 min manat vergi borcu olduğu halda iri dövlət sifarişlərini tendersiz həyata keçirir. Şirkətin öz saytından görünür ki, özəl şirkət olsa da, icra etdiyi layihələr yalnız dövlət sifarişli investisiyalardır. Bunlar arasında meqa layihələrdən olan H.Əliyev adına Beynəlxalq Hava Limanı, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ, Füzuli  Beynəlxalq Hava Limanlarını göstərmək olar.

Qarabağda çalışan digər bir şirkət- 2001-ci ildə yaradılan "Körpü-Bina-Tikinti" MMC 300 min manatlıq nizamnamə kapitalına malikdir.

Şirkətin təsisçisi Xaliq Göyüşovun adı “MTN işi” kimi tanınan məşhur qalmaqallı cinayət işində Eldar Mahmudovun yaxın adamı olaraq hallanırdı.

11,1 milyon manat borcu olan "North West Construction MMC Qarabağda böyük yol tikinsi layihəsinə qoşulub.

İlin əvvəlində 11,1 milyon manat vergi borcu olan şirkət Qarabağ və Şərqi Zəngəzurda milyonluq yol tikintisinin  sifarişini götürüb. 2022-ci ilin  hesabatından sonra borcun 108 manata qədər azaldığı görünsə də, ötən il şirkətin vergi borcu olduğu halda dövlət tenderlərini necə qazanması sual doğurur.

Şirkətin təsisçisi İbrahim Azad oğlu Manaflı göstərilir. Bu şirkətin Türkiyə və Latviyada törəmə şirkətlərinə rast gəlinir. Türkiyədə qeydiyyatdan keçən “NORTH WEST INSAAT”-ın təsisçisi də İbrahim Manaflıdır.   Latviya reyestrlərində 2016-cı ildə qeydiyyata düşən "North West Baltic" şirkətinin təsisçiləri sırasında İbrahim Manaflı ilə yanaşı,  Rüfət Quliyevin də adı keçir. Rüfət Quliyev eyni zamanda törəmə şirkətin direktorudur. O, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə Latviyada açılan  “Azərbaycan Ticarət Evi”nin həmtəsisçi və direktorudur.  Ticarət Evinin açılışında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iştirak edib və 2 dövlət arasında Anlaşma Memorandumu imzalanıb.

Şirkətlər haqqında məlumatlardan görünür ki, milyonluq vergi borcları olduğu halda, milyard manatlıq dəyərində olan dövlət layihələrinin satınalamalarında iştirak edə bilirlər. Halbuki,  “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.5. bəndidə deyilir ki, satınalmalarda iştirak edən şirkətlərin son bir ildə vergi və digər icbari ödənişlərlə bağlı yerinə yetirilməmiş öhdəlikləri olmamalıdır.

Ekspert: “AAYDA-nın öz tabeçiliyində olan müəssisələrə tenderlərin verilməsi qeyri-şəffaflığın ən bariz nümunəsidir”

Toğrul Vəliyev hesab edir ki, Avtomobil Yolları Dövlət Agentlyinin öz tabeçiliyində olan müəssisələrə tenderlərin verilməsi qeyri-şəffaflığın ən bariz nümunəsidir. Onun sözlərinə görə elektron qaydada keçirilən satınalamalar şəffaf olmalıdır:

“Bir çox hallarda dövlət qurumları elan edirlər ki, xüsusi ehtiyacdır, təcili lazımdır, Dövlət Avtomobil Agentliyi də (bildiyimiz kimi Şuşa yolu təcili tikilirdi- T.V.) tenderin elan olunması uzun vaxt ala bilərdi deyib nəticə olaraq birbaşa müqavilə bağlayırlar. Təəssüflər olsun ki, bu bizdə geniş yayılıb və dövlət şirkətləri bundan tez-tez istifadə edirlər. Bu əlbəttə ki, qeyri-şəffafdır və eyni zamanda hətta birbaşa müqavilə olduğu halda bu barədə məlumat yerləşdirilməlidir. Biz Dövlət Satınalmalarının saytında tez-tez görürük ki, bəzi dövlət qurumları məlumat yerləşdirirlər. Amma gördüyümüz odur ki, bunlar (oxu: AAYDA)  ümumiyyətlə heç bir məlumat yerləşdirmirlər. Ümumiyyətlə, Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycanın digər ərazilərində tikdiyi yollar barədə məlumat yerləşdirmir, qaldı ki, indiki investisiya vəsaiti hesabına tikdiyi yollar”.

Vüqar Hüseynli isə vurğulayır ki,  AAYDA-nın tabeliyində olan  təşkilatlarla  müqavilələrin bağlanması qanunvericiliyə ziddir: “Bu məsələ Satınalma qanunvericiliyinə ziddir. Ancaq belə bir problem var ki, Sovet dağılandan bu yana tək AAYDA yox, bütün dövlət təşkilatlarının tabeliyində elə qurumlar var ki, müəyyən sahədə həm inhisarçıdılar, həm ixtisaslaşmış şirkətlərdir və nazirliklər bir çox hallarda həmin qurumlarla müqavilə bağlamağa həm üstünlük verirlər, həm də məcbur qalırlar. Bu məsələ qanunvericilik səviyyəsində həll olunmayıb. Hələ ki, açıq qalır. Satınalan təşkilatlar Antinhisar Xidmətindən icazə aldığı halda belə, bu qanun pozulmuş olur. İstənilən halda nazirlik tabeli qurumu ilə müqavilə bağlayanda qanunu pozmuş olur”.

İqtisadçı-ekspert  Toğrul Vəliyevin sözlərinə görə, müharibədən sonra bütün xərclərin şəffaf olacağı barədə verilən sözlər yerinə yetirilmədi.  Onun fikrincə, investisiya xərcləri büdcənin  dövlət sirrinə aid bir bəndi hesab edilməsə də, bu xərclər ictimaiyyətə açıqlanmır.

AAYDA-nın sözçüləri televiziya kanallarına yolların uzunluğu, işin təhvil verilmə tarixi ilə bağlı həvəsli danışsalar da, söhbət seçilən şirkətlər və xərclənən dövlət vəsaitinə gəlincə, susqunluğu seçirlər.

Araşdırma: AbzasMedia

Paylaş:

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun