“Leyla Medical Center” Bakıda ağac kəsməkdə günahlandırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı bəlli olub ki, Bakı şəhərinin Xətai, Nərimanov, eləcə də Bərdə, Ağdam və Balakən rayonlarında ağaclar qanunsuz kəsilib və təbiətə ümumilikdə 34330 manat məbləğində ziyan dəyib.
Məlumatl Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb. Bildirilir ki, faktlarla bağlı, “Leyla Medical Center” Klinikası, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi, həmçinin fiziki şəxslər – Bərdə rayon sakini Yaqub Nəbiyev, Ağdam şəhər sakini Vəli Əfəndiyev və Balakən rayon sakini Məhərrəm Cəlilov barəsində akt tərtib edilib.
“Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğuna göndərilib”, – məlumatda deyilir.
“Leyla Medical Center” Klinikasından Meydan TV-yə akt tərtib olunduğunu təsdiqləsələr də, ağacı nə məqsədlə kəsmələri haqda məlumat vermək istəməyiblər.