Hüquq müdafiəçiləri məişət zorakılığına görə cəzaların sərtləşdirilməsini təklif edirlər

Hüquq müdafiəçiləri məişət zorakılığına görə cəzaların sərtləşdirilməsini təklif edirlər
1 İyul 2022
Mətni dəyiş
Vətəndaş Hüquqları İnstitutu Azərbaycanda məişət zorakılığının qarşısının alınması sahəsindəki qanunvericiliyin beynəlxalq insan hüquqları standartlarına, xüsusi ilə qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası (İstanbul Konvensiyası) və qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (CEDAW) ilə nəzərdə tutulmuş tələblərə uyğunlaşdırılması məqsədilə bir sıra qanunlara dəyişiklikər təklifləri hazırlayıb.  Bu barədə Turan-a Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı bildirib. Dəyişikliklər və əlavələr əsasən məişət zorakılığının qarşısının alınması haqqında qanuna, İnzibati Xətalar və Cinayət məcəllələrinə, həmçinin Cinayət Prosessual və Mülki Prosessual məcəllələrə təklif edilir. Düzəlişlər məişət zorakılığından zərərçəkmiş şəxsləri daha yaxşı müdafiə ilə təmin etmək, zorakılıq törədənləri təsirli şəkildə cəzalandırmaq və bu sahədə dövlətin öhdəliklərini yerinə yetirməsini təmin etməyə yönəlib. Yeniliklər zorakılıq barədə məlumat verən şəxslərin konfidensiallığının təmin edilməsini, məişət zorakılığı zəminində törədilən bir sıra əməllərin kriminallaşdırılmasını və zərərçəkmiş şəxslərin ikinci dəfə zərərə məruz qalmaması üçün xüsusi prosedurların tətbiqini nəzərdə tutur. Vətəndaş Hüquqları İnstitutu vətəndaş cəmiyyəti təşkilatlarını, mütəxəssisləri, hüquqşünas və vəkilləri öz təklif və qeydlərini təqdim etməyə çağırıb. Əsasən, sənəd müəllifləri “məişət zorakılığı” anlayışının genişləndirilməsini təklif edirlər. Əgər hazırda bu, yaxın qohumlar tərəfindən qəsdən fiziki və ya mənəvi zərər vurma deməkdirsə, psixoloji və iqtisadi zərər vurmağın, habelə seksual xarakterli hədələrin və məcburiyyətin zorakılıq kimi qiymətləndirilməsi təklif olunur. Təhsilə qadağaya  və digər iqtisadi xarakterli hüquqların pozulmasına yönələn hərəkətlər də məişət zorakılığına daxil olacaq. Araşdırma üçün KİV məlumatlarının əsas kimi götürülməsi təklif edilir. Məişət zorakılığına məruz qalmış şəxslərlə məsləhətləşmələr üçün gecə-gündüz fəaliyyət göstərən “qaynar xətt” yaratmaq təklif olunur. İnzibati Xətalar Məcəlləsinə iqtisadi hüquqların və ya təhsil almaq imkanlarının pozulmasına görə 300 manatdan 600 manatadək cəriməni nəzərdə tutan dəyişikliklər təklif edilib. Əgər belə hərəkətlər təkrarlanarsa, cərimə 2,5 min manatdan 5 min manata qədər artacaq. Əgər hərəkətlər fiziki güc tətbiq etməklə törədilərsə, 30 sutkaya qədər həbs tələb nəzərdə tutulacaq. Cinayət Məcəlləsinə düzəlişlərə əsasən, məişət zorakılığı zəminində cinayətlər ağırlaşdırıcı hal kimi qiymətləndiriləcək. Həmçinin Cinayət Məcəlləsinin məişət zorakılığı zəminində qətl, sağlamlığa yüngül, az ağır və ağır zərər vurma maddələrinə də əlavə bəndlər təklif olunur. 133.1-1-ci maddəsinə - “döymə” məişət zorakılığı zəminində döyülməyə və psixi işgəncələrə görə 2 ildən 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan yeni bəndin əlavə olunması təklif edilir. Məişət zorakılığı zəminində qanunsuz azadlıqdan məhrumetməyə görə 3 ildən 5 ilədək həbs təklif edilir. Həmçinin seksual zorakılıq məqsədilə təqiblərə görə yeni məsuliyyətin müəyyən edilməsi təklif olunur. Məişət zorakılığı zəminində zorlama 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun