Ermənistan Təhlükəsizlik Şurası katibi: “Sentyabra qədər Ermənistan öz qoşunlarını Qarabağdan çıxaracaq”

Ermənistan Təhlükəsizlik Şurası katibi: “Sentyabra qədər Ermənistan öz qoşunlarını Qarabağdan çıxaracaq”
19 İyul 2022

İkinci Qarabağ Müharibəsinin başlanmasından təxminən iki il sonra Yerevan etiraf edib ki, Ermənistan Silahlı Qüvvələri 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla razılaşdırıldığı kimi, Qarabağdan çıxarılmayıb.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress" agentliyinə müsahibəsində bildirib.

"Müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bəzi hissələri Dağlıq Qarabağ müdafiə ordusunun köməyinə gəliblər. Atəşkəs rejimi bərqərar  olduqdan və Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra Ermənistan Silahlı Qüvvələri hissələrinin çıxarılması tamamilə qanunauyğundur", -  o deyib.

Bu, o deməkdirmi ki, Dağlıq Qarabağ müdafiəsiz qalacaq? Qriqoryan bu suala mənfi cavab verib. Onun sözlərinə görə, Qarabağın təhlükəsizliyinin təmin edilməsi funksiyasını Qarabağ ordusu yerinə yetirib və yerinə yetirir. Lakin təhlükəsizliyin qarantı Rusiya sülhməramlıları "olmalıdır".

"Fərrux" yüksəkliyinin azərbaycanlılar tərəfindən “ələ keçirilməsi” zamanı sülhməramlıların qarant ola bilməməsilə bağlı etiraza cavab olaraq Qriqoryan deyib ki, bu 2020-ci il noyabr tarixli üçtərəfli bəyanatın “kobud şəkildə pozulması” idi.

Onun sözlərinə görə, Rusiya Azərbaycan qüvvələrinin çıxarılacağına əmin edib və ümid edirlər ki, sülhməramlılar bunu təmin edəcəklər.

"Müharibə nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bəzi hissələri yardım məqsədilə Dağlıq Qarabağa daxil olublar. Atəşkəsdən sonra onlar Ermənistana qayıdırlar. Bu proses başa çatmaq üzrədir və sentyabrda başa çatacaq. Müdafiə ordusuna gəlincə, o, Dağlıq Qarabağda olub və orada qalmağa davam edəcək", - Qriqoryan deyib.

Sonra o əlavə edib ki, müqavilə ilə döyüşənlər kimi,    Ermənistandan olan çağırışçıları da Qarabağa göndərməyəcəklər.

Ermənistan Təhlükəsizlik Şurası rəhbərinin etirafı sensasion sayıla bilər, çünki indiyədək rəsmi Yerevan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında qeyd olunduğu kimi, Ermənistan Silahlı Qüvvələrinin bütün hissələrinin Qarabağdan çıxarıldığını bildirib. Üstəlik, bundan sonrakı bütün müddətdə, yəni 2020-ci ilin noyabrından Ermənistan öz vətəndaşlarını qanunsuz olaraq Qarabağa xidmətə göndərib.

Bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev bu mövzunu yenidən qaldırıb, Rusiyanı Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması barədə razılaşmanı yerinə yetirməməkdə ittiham edib. O işarə edib ki, əgər bu, baş verməsə, Azərbaycan bunu öz gücü ilə edəcək. 

Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun