Ermənistan Estoniya spikerinin Şuşaya səfərindən narahat olub

Ermənistan Estoniya spikerinin Şuşaya səfərindən narahat olub
11 İyul 2022
Mətni dəyiş

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan Estoniya parlamentinin rəhbəri Yüri Ratasın Şuşaya səfəri ilə bağlı iyulun 8-də bu ölkənin Ermənistandakı səfiri Rina Kalyuranda Yerevanın “son dərəcə narahatlığını” bildirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bu xəbəri Ermənistan parlamenti mətbuat xidmətinin məlumatına əsasən verir.

Məlumatda bildirildiyinə görə, Alen Simonyan deyib ki, cənab Ratasın “ermənilərdən boşaldılmış Şuşada verdiyi bəyanat” iki ölkə arasındakı dost münasibətlərin ruhunu əks etdirmir və Estoniyanın Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində dinc yolla həllinə verdiyi rəsmi dəstəyə ziddir.

Azatutyun xatırladır ki, Estoniya Seymi rəhbərinin Şuşaya səfəri ötən may ayında yer alıb.

Alen Simonyan Estoniya səfirinə Yüri Ratasa yazdığı məktubun məzmunu barədə məlumat verib.

O bu məktubda “2020-ci ilin fəlakətli müharibəsindən sonra münaqişənin mahiyyətini” izah etməyə çalışıb.

Ermənistan parlamentinin spikeri ümid etdiyini bildirib ki, onun estoniyalı həmkarı yaxın vaxtlarda Ermənistana səfər edəcək və vəziyyətlə “yerində” tanış olacaq.

Simonyan bunu da deyib ki, Estoniya rəsmisi Dağlıq Qarabağ separatçılarının liderləri ilə də görüşə bilər.

Simonyan öz məktubunda onları “Dağlıq Qarabağı təmsil edən rəsmi şəxslər” adlandırır.

Məlumatda deyilir:

“Estoniya səfiri qəbul üçün təşəkkürünü bildirib və ümid etdiyini deyib ki, ən tez bir zamanda bu məsələləri Estoniya parlamentinin spikeri ilə ümzakirə etmək imkanı olacaq. O Ermənistan parlamentinin sədrinə Estoniya parlamentinin dəvətini təqdim edib”.

Simonyanın sözü gedən məktubuna rəsmi Tallinn və Estoniya Seymindən heç bir rəsmi reaksiya olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun