Daha bir azərbaycanlı ailə Ukraynada həlak olub

Daha bir azərbaycanlı ailə Ukraynada həlak olub
5 İyul 2022
Mətni dəyiş

Rusiyanın Donetsk vilayətinin Svyatoqorsk rayonuna atdığı raket zərbələri azərbaycanlı ailənin ölümünə səbəb olub.

Məlumatı “report.az” yayıb.

Bildirilib ki, iyulun 5-də Ukrayna vətəndaşı Eldar Rzayevin evi Rusiya Silahlı Qüvvələrinin artilleriya atəşinə məruz qalıb.

Raket zərbəsi nəticəsində ev tamamilə yanıb. Evdə olan Eldar Rzayev həyat yoldaşı ilə birgə yanaraq həlak olub.

Rusiyanın Ukraynaya qarşı işğalçılıq savaşı başlayandan artıq ikinci azərbaycanlı ailədir ki, həlak olur.

Müharibənin üçüncü günü əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyev, həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində həlak olmuşdu.

Elə fevralda Odessa ərazisində Rusiya hərbçilərinin hücumu nəticəsində əslən Kəlbəcərdən olan Rəhim, Qabil və Nemət İsmayılovlar da həyatını itirib.

Ukraynanın xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu, 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov isə Xarkov şəhərində Rusiya hərbçiləri tərəfindən güllələnib.

O, həmin günlərdə Xarkova qonaq gedibmiş.

Mağazadan ərzaq almaq üçün küçəyə çıxan Q.Məmmədov mülki şəxs olmasına baxmayaraq, atəşə məruz qalıb.

Azərbaycanlı gənc aldığı güllə yarasından hadisə yerindəcə ölüb.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun