Cozep Borrel Ceyhun Bayramovla insan haqlarını da müzakirə edib

Cozep Borrel Ceyhun Bayramovla insan haqlarını da müzakirə edib
20 İyul 2022
Mətni dəyiş

İyulun 19-da Brüsseldə keçirilən Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasından sonra Aİ xarici işlər komissarı Cozep Borrel və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə məlumat veriblər.

Borrel deyib ki, Aİ və Azərbaycan, aralarındakı danışıqların ən əhəmiyyətli mərhələsinə qədəm qoyublar:

"Biz həm də yeni hərtərəfli əməkdaşlıq və partnyorluq sazişi üzrə danışıqların həlledici mərhələsindəyik. Bu yeni saziş bizim aramızda daha güclü əməkdaşlıq və siyasət dialoquna imkan verəcək. Bu habelə Azərbaycana öz iqtisadiyyatını şaxələndirmək və biznes və xarici investisiyalar üçün sağlam mühit yaratmaq səylərində dəstək olacaq”.

Cozep Borrel habelə Aİ və Azərbaycan arasında əməkdaşlıq sahəsində həsas və “çətin məsələlərdən” də danışıb. O bildirib ki, bu məsələlər üzrə Ceyhun Bayramovla fikir mübadiləsi edib:

"İnsan haqlarına və qanunun aliliyinə hörmət bizim münasibətlərimizdə qarşılıqlı razılaşdırılmış prioritetlərdir. Fəal vətəndaş cəmiyyətinin işləməsi məqsədilə mühitin yaradılması üçün qətiyyətli irəliləyişə ehtiyac vardır. Bu, insan haqlarına beynəlxalq standartlara və Azərbaycan tərəfindən götürülmüş öhdəliklərə uyğun hörmətin təmin edilməsi üçün lazımdır. Biz xüsusilə də diqqəti yeni media qanununa çəkdik və bu barədə müzakirə apardıq”.

Avropa İttifaqının xarici işlər komissarı əlavə edib ki, tərəflər habelə regional məsələləri, xüsusilə də Ermənistanla qonşuluq münasibətlərini müzakirə ediblər:

“Biz Cənubi Qafqazı onun bütün xalqları üçün təhlükəsiz, sabit və firavan etmək üçün göstərilən bütün səyləri dəstəkləyirik. Bu xüsusda mən Azərbaycan və Ermənistan nazirlərinin ötən şənbə günü Tbilisidə keçiilmiş görüşünü alqışlayıram və nazirə bu görüş barədə verdiyi məlumata görə təşəkkürümü bildirirəm. Avropa İttifaqı bu səyləri dəstəkləməyə hazırdır və tərəflər arasındakı fikir ayrılıqları üzərindən körpü salmaq və həll yollarını tapmaq istiqamətində işləyir”.

Ceyhun Bayramov xatırladıb ki, Avropa İttifaqı-Azərbaycan Şurasının bundan əvvəlki görüşü 44 günlük müharibədən və Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən üçtərəfli bəyanatın imzalanmasından az sonra keçirilib.

Nazir deyib ki, iki ölkə arasında münasibətlərin suverenlik və ərazi bötüvlüyünün beynəlxalq aləm tərəfindən tanınmış sərhədlər hüdudunda qarşılıqlı tanınması əsasında normallaşdırılmasına alternativ yoxdur:

“Avropa İttifaqı post-münaqişə dövründə mühüm rol oynayır. Bu baxımdan biz prezident Şarl Mişelin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məqsədilə müzakirələrin dəstəklənməsi istiqamətində səylərini alqışlayırıq. Biz Avropa İttifaqına artıq üç görüşdə vasitəçilik etdiyinə görə təşəkkür edirik”.

Bundan sonra Ceyhun Bayramov regionda “Zəngəzur dəhlizi” də daxili nəqliyyat kommunikasiyalarının açılmasının mühümlüyünü vurğulayıb.

Azadlıq Radiosu

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun