Prezidentin ailə üzvlərinə məxsus şirkət Qarabağda əkin-biçinlə məşğul olur [araşdırma]

Prezidentin ailə üzvlərinə məxsus şirkət Qarabağda əkin-biçinlə məşğul olur [araşdırma]
24 İyun 2022
Mətni dəyiş

Qarabağda işləyən şirkətlərin içərisində DTX sədri Əli Nağıyevin, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun ailə üzvlərinə məxsus şirkətlərin də adı keçir. 

86 yaşlı Səttar Veysəlov Cəbrayıldakı bağ-bağatını işğaldan sonra köçdüyü Bakıda yaradıb. İndi də 27 ildən sonra azad olunan rayonuna qayıdıb yenidən o bağını bərpa etmək istəyir. Deyir, yaş o yaş olmasa da, qolunda taqət qalmasa da, kiməsə ödəniş edib yenidən torpağında əkin-biçin aparacaq:

“Həyətimdə 10-15 ədəd qoz, tut ağacım var idi. Armud, alma, hər şey var idi. Kartof, göy-göyərti əkirdik. Göy-göyərti əkib, inan, maşın almışdım. Elə torpaq versələr, biz məmnuniyyətlə gedib orada gözəl yaşayarıq, öz vətənimizdir. İnan ki, oradan ötrü burnumun ucu göynəyir. İndi qoyalar gedək...” - deyir Səttar Veysəlov. 

S. Veysəlovun oğlu Vaqif Veysəlov bu yaxınlarda Cəbrayıla gedən qohumunun onların evlərindən çəkdiyi görüntüləri telefonunda göstərir: “Bura bizim həyətdir, hovuzumuzdur, hazırda durur. Hər iki tərəfində qoz ağacı var idi, indi heç biri yoxdur, kəsiblər. Bunların hamısı əkin yerləri idi, indi heç bir şey yoxdur”. 

Onlar rayonlarına qayıdıb əkin-biçinlə məşğul olmağı arzulayarkən o ərazidə kimlərin artıq təsərrüfat qurduğundan xəbərsizdirlər: 

“İndi ora köçənlərə əlbəttə bu biriləri kimi torpaq bölüb verməlidirlər ki, camaat getsin orada nə iləsə məşğul olsun. İndi o necə olacaq, mən deyə bilmərəm. Azından belə olmalıdır ki, rayon camaatı olsun, kənd olsun, bunların nümayəndələrinə bildirilməlidir ki, belə olacaq, sahəni göstərməlidirlər. Mən görməmişəm” - Vaqif Veysəlov deyir. 

Müharibə başa çatar-çatmaz işğaldan azad olunmuş Azərbaycan ərazilərində əkin işlərinə  başlandı. Söhbət on min hektarlarla torpaq sahələrindən gedir. Amma bu işlə yurd yerlərindən didərgin düşmüş köçkünlər deyil, adı geniş ictimaiyyətdən gizli saxlanılan şirkətlər məşğul olur. 

Bu ilin fevralın 2-də - Gənclər günündə ölkə başçısı İlham Əliyev gənclərin nümayəndələri ilə görüşdə azad olunmuş ərazilərdə aparılan kənd təsərrüfatı işlərindən danışıb:  

“İndi azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Deyə bilərəm ki, bu il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, bizim ərzaq təhlükəsizliyimizi təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya qoysunlar”.

Prezident İlham Əliyev

Məcburi köçkünlərə verilən söz tutulmadı

Bəs hökumət azad olunmuş ərazilərin potensialından istifadə edilməsində vətəndaşlara təkcə işçi qüvvəsi kimi baxırmı? Axı, I Qarabağ müharibəsindən sonra, ötən əsrin 90-cı illərində - kolxoz və sovxozların əmlakı və torpaqları kənd sakinlərinə əvəzsiz paylananda - məcburi köçkünlərə söz verilmişdi. Təkcə quru söz deyil, bu vəd 1996-cı ildə qəbul edilən “Torpaq islahatı haqqında” qanunda da əksini tapmışdı. Qanunun 24-cü - “Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatının aparılması” maddəsində yazılır:

“Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatlarının aparılması və həmin torpaqlardan məcburi köçürülmüş şəxslərin xüsusi mülkiyyətinə torpaqların verilməsi bu Qanunda göstərilən qaydada həyata keçirilir. İşğal altından azad olunan torpaqlarda islahatın aparılması, həmin  ərazilərdə iqtisadiyyatın bərpası dövlət proqramı əsasında həyata keçirilir”.

Lakin hələ ki, nə torpaq islahatı haqda danışan var, nə dövlət proqramı barədə. Amma əkin sahələrinin istifadəsinə başlanılıb.

Cavabsız qalan suallar...

Bəs hazırda bu işlərə hansı şirkətlər cəlb olunub? Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov informasiya sorğusuna cavab olaraq bildirib ki, “işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət üçün 180 müraciət daxil olub. Onların 10-u investisiya qoyuluşunu nəzərdə tutur. Sahibkarların torpağa olan tələbatı 10 hektardan 10 min hektara qədər dəyişir”. 

İcrasına razılıq verilmiş layihələr, onların icraçıları, layihələrin investisiya ehtiyacları barədə suallar cavabsız qoyulub. 

Aqroparkların yaradılmasına dövlət dəstəyi göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi də azad olunmuş torpaqlarda iri təsərrüfatların yaradılması və fəaliyyəti barədə sorğudakı suala cavab verməyib.

Prezident İlham Əliyev 27 aprel 2021-ci il tarixində imzaladığı fərmanla Qarabağda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün torpaqların icarəyə verilməsi səlahiyyətlərini müvəqqəti olaraq Kənd Təsərrüfatı Nazirliyinə həvalə edib. Bundan başqa, nazirlik torpaqların kənd təsərrüfatı təyinatllı kateqoriyaya aid edilməsi, habelə icarəyə verilməsi nəzərdə tutulan torpaqlarda həmin kateqoriya daxilində kənd təsərrüfatı yerlərinin dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldıra bilər. 

Nazirlik şirkətlərə subsidiyalar ayırıb, amma məbləğlər açıqlanmır 

Kənd Təsərrüfatı Nazirliyinin protokol sektorunun müdiri Toğrul Qafarbəyli deyir ki, torpaqlar şirkətlərə uzun müddətə verilib: 

“Dövlət tərəfindən kənd təsərrüfatı sahəsində aparılan strategiya uzunmüddətli hədəf götürüb. Çünki dövlət tərəfindən dəstək subsidiyalar vasitəsilə verilir və subsidiyaların verilməsi də  bir illik, iki illik mümkün deyil. Sözsüz ki, burada torpaqların icarəsi uzunmüddətli olmalıdır ki, həmin subsidiyalardan istifadə edib müəyyən işlər görülə bilsin. İntensiv bağların salınmasına bir neçə il müddət sərf olunur. Mən hesab eləyirəm ki, icarəyə verilmiş və yaxud əmlak formasında verilmiş torpaqlar uzunmüddətli olacaq”. 

Toğrul Qafarbəyli Qarabağdakı torpaqların hansı şirkətlərə və hansı qaydalarla icarəyə verildiyini açıqlamayıb: 

“Respublikada hal-hazırda fəaliyyət göstərən iri subyektlər, aqroparkların müraciətləri əsasında onlara pay bölgüləri verilib. Xarici şirkətlər də burada iştirak edir. Bizə dost olan dövlətlər öz investisiyalarını işğaldan azad olunmuş ərazilərdə tam şəkildə istifadə edə bilirlər. Ümumilikdə Respublikada olan ən böyük aqroparklar, iri təsərrüfat subyektləri, bunlar birmənalı şəkildə həmin ərazilərdə öz işlərini davam etdirirlər”. 

Qarabağda hansı şirkətlərin işlədiyi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə göndərdiyimiz sorğuya da cavab verilməyib. 

Qarabağda əkin-biçinlə məşğul olan şirkətlər: 

Ötən ilin oktyabrında Bakıda keçirilən “Qarabağın bərpa, yenidənqurma və inkişaf” sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi işğaldan azad olunmuş ərazilərdə əkin-biçinlə məşğul olan bəzi şirkətlərin adlarını açıqlayıb: 

2021-ci ildə bu şirkətlər toplam 8376,5 hektarda əkin işləri aparıb. Yığılan məhsul barədə rəsmi məlumat yoxdur.  

KOBİA Qarabağ üçün perspektivli layihələrin siyahısını açıqlayıb 

Yuxarıda sadalananlar işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı ilə məşğul olmaq niyyətində olan şirkətlərin tam siyahısı deyil. Onların arasında daha beş biznes subyekti var: 

(Mənbə: “Rebuild Karabagh-2021” sərgisinin materialları). 

Hələlik bu layihələrin təsdiq edilib-edilməməsi barədə ictimaiyyətə məlumat verilməyib. Elə azad edilmiş torpaqlara əkin-biçin texnikasını daşımış şirkətlər də öz işlərini media ilə bölüşməyə həvəsli deyillər. Məsələn, “Agro Fresh” MMC-nin direktoru Vüqar Bəxtiyarlı əvvəlcə AbzasMedia-ya müsahibə verməyə razılıq versə də, sonra fikrini dəyişdi. 

Qarabağda işləyən şirkətlər kimlərə məxsusdur? 

Qarabağda əkin-biçinlə məşğul olan “Agro Dairy” MMC-ni “Paşa Holding” şirkətlər qrupu idarə edir.

Bu ilin 31 martına olan məlumata görə  Paşa Holding-də Bless MMC 37.50 %, Reveri MMC 37.50%, Arif Paşayev 15 % və Mir Camal Paşayev 10%  paya sahibdir. 

“Paşa Holdinq”in səhmdarı kimi göstərilən “Bless” və “Reveri” MMC şirkətlərinin sahibləri Prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevadır. 

 Bu şirkətlərin azad edilmiş torpaqlarda peyda olması təsadüfi sayılmamalıdır. Onların bir çoxu buraya ölkə başçısı İlham Əliyevin tövsiyyəsi ilə gəlib. Bunu İlham Əliyev bir il öncə Hacıqabul rayonuna səfəri zamanı dilə gətirib:

Mən həm "Aqro Dairy"da, həm də burada – “Azərsun” aqroparkında onları idarə edən şəxslərə tövsiyyə etmişəm ki, azad olunmuş torpaqlarda, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın və bu istiqamətdə ilkin addımlar atılmaqdadır”.

DTX sədri Əli Nağıyevin ailəsinə məxsus şirkətlər...

“Kraun Ko-R” şirkətinin sahibi kimi təqdim olunan Səbuhi Abdullayev İctimai Televiziyaya  müsahibəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 2021-ci ildə 24 min hektar torpaqda taxıl əkdiklərini deyib: Bir neçə rayonda on min hektarlarla taxıl sahələrinə və taxıl anbarlarına malik bu şirkət DTX sədri Əli Nağıyevin ailəsinə məxsus şirkətlərlə kəsişir.

Vergilər Nazirliyinin 2019-cu ildə yaydığı məlumata görə, təsisçilərin qərarı ilə ” “Kraun Ko-R” MMC “Kraun Ko-1” MMC və “Kraun Ko.” MMC-nin onunla birləşməsi yolu ilə yenidən qurulub.  Bu üç şirkətin ikisinin direktoru hazırda Zahid Əmirovdur. Zahid Əmirov həm də DTX sədri Əli Nağıyevin ailəsinə məxsus “Su Pərisi Şadlıq Sarayı” MMC-nin qanuni təmsilçisidir. O, bundan öncə ləğv olunmuş "PARADİQMA"  MMC-nin də qanuni təmsilçisi olub. Bu şirkətin hüquqi ünvanı ilə  Əli Nağıyevin oğlu İlqar Nağıyevin qanuni təmsilçisi olduğu və sonra ləğv olunan Romb MMC-nin hüquqi ünvanı eynidir. ( Səbail rayonu, Azərbaycan, ev 3) 

Bəylər Eyyubovun ailə üzvünə məxsus şirkət Qarabağda çalışır

“Kraun Ko-1” MMC ilə Prezident İlham Əliyevin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun ailə üzvlərinə məxsus "MƏK-AN", "GİLAVAR-M" MMC-nin qeydiyyatdan keçdikləri hüquqi ünvanlar eynidir. "GİLAVAR-M" şirkətinin qanuni təmsilçisi olan Qaze Həsənova Bəylər Eyyubovun bacısıdır. 

Zəngilanın “Ağıllı kənd” prinsipi ilə yenidən tikilən Birinci Ağalı kəndində “Dost Aqropark” yaradılır. 6 min hektar torpağın ayrıldığı bu təsərrüfat Türkiyənin “Dost Ziraat Hayvancılık Sanayi Ticaret” şirkətinin iştirakı ilə qurulub. Aqroparka 100 milyon dollar sərmayə qoyuluşu hədəflənib. Burada 500 nəfərin işə götürüləcəyi deyilir. Aqroparkın Azərbaycan tərəfindən ortağının kimliyi barədə sorğuya türkiyəli investorlar cavab verməkdən çəkiniblər.

Əkinə yararlı torpaqların yarısı şirkətlər arasında bölüşdürülüb

Hesablamalara görə, işğaldan azad olunmuş ərazilərdəki əkinə yararlı torpaqların az qala yarısı şirkətlər arasında bölüşdürülüb. Kənd Təsərrüfatı Nazirliyinin 2021-ci ilin oktyabrında açıqladığı hesablamalara görə, azad edilmiş ərazilərdə əkinə yararlı torpaqların ümumi sahəsi təxminən 127 min hektardır. Bunun 2 min hektardan çoxunu meyvə bağları, üzümlüklər - çoxillik əkinlər təşkil edir. 

Hökumət indiyədək azad ounmuş ərazilərdə torpaq islahatının müddətləri və prinsipləri barədə hər hansı açıqlama verməyib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi (ATM) azad olunmuş ərazilərdə torpaq islahatının aparılması üçün “həm sosial ədaləti, həm də iqtisadi səmərəliliyi” təmin edən 4 müxtəlif model təklif edir.

Birinci islahat modeli mövcud təcrübənin, yəni torpağın keyfiyyəti nəzərə alınmaqla əkin yerlərinin pay almaq hüquqi olanlar (kənddə yaşayan bütün ev təsərrüfatları) arasında bölünmənin tətbiqini nəzərə tutur. ATM-in mütəxəssisləri bu təcrübənin çatışmazlığı kimi əkin sahələrinin kiçik hissələrə parçalanmasını vurğulayırlar.      

İkinci model icma əsaslı ailə-kəndli təsərrüfatlarının yaradılmasıdır. Əvvəlcə adambaşına torpaq payları müəyyən edilir. İkinci mərhələdə torpaq sahələri torpağın minimal səmərəli ölçüsü nəzərə alınmaqla icmalar kimi yaradılan ailə-kəndli təsərrüfatları qrupuna verilir. Bənzər prinsip əsasında kooperativlərin yaradılması təklif olunur. Amma bu iki modelin işlək olacağı ilə bağlı ATM-də narahatlıq var: Azərbaycanda ailə-kəndli təsərrüfatlarının müştərək fəaliyyət ənənəsi, aqrar kooperasiya ilə bağlı lazımi təcrübə yoxdur. 

ATM-in araşdırdığı dördüncü islahat modeli isə əkin sahələrinin yerli bələdiyyələrin mülkiyyətinə verilməsini nəzərdə tutur. Torpaq bələdiyyə ərazisində yaşayan ev təsərrüfatlarına icarəyə verilir. Bu zaman əhaliyə icmalarda birləşmək şərti irəli sürülə bilər. Beş ilin tamamında torpaq kənddə daimi yaşayan icmanın - birgə təsərrüfatın mülkiyyətinə verilir. Göründüyü kimi, sonuncu torpaq islahatı modeli kəndlərdə davamlı məskunlaşma motivasiyası üzərində qurulub.  

“Əkinə yararlı, keyfiyyətli torpaqlar bu gün “Paşa Holdinq”, “Azərsun” tərəfindən mənimsənilir”

Kənd təsərrüfatı üzrə ekspert, “Aqrar İslahatlara Dəstək” İctimai Birliyinin sədri Vahid Məhərrəmov hesab edir ki, əkinə yararlı torpaqların bölgüsündə iri sahibkarların, inhisarçıların xeyrinə qərar verməklə hökumət gələcəkdə həlli mürəkkəb olan problemlərin özülünü qoyur:

“Əkinə yararlı, keyfiyyətli torpaqlar bu gün “Paşa Holdinq”, “Azərsun” tərəfindən mənimsənilir. Onlar yaxın bir müddətdə torpaqlardan harada daha yaxşı istifadə etmək mümkündür, su hövzələrinə yaxındır, o torpaqları tam ələ keçirəcəklər. Bizim vaxtilə o ərazilərdə yaşamış kəndlilər geri, öz vətənlərinə dönəndə görəcəklər ki, orada münbit torpaqlar ələ keçirilib. Onlara isə yalnız əkinə yararlı olmayan ərazilər təklif olunacaq. Orada onlar nə edəcəklər? Onlar orada problemlə qarşılaşacaqlar”. 

Şirkətlərə ayrılan torpaq sahələri bilinsə də, Qarabağa köçəcək əhaliyə ayrılacaq pay torpaqlarının həcmi bilinmir. Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü bu barədə məlumatlı olmadığını deyir. 

“İki-üç dəfə ora getməyə çalışmışam, məni geri qaytarıblar”

“Orada şərait yaradıb, pay torpağı versələr, gedib məmnuniyyətlə orada yaşayarıq. Ora öz torpağımızdır, öz vətənimizdir. İki-üç dəfə ora getməyə çalışmışam, məni geri qaytarıblar, qoymayıblar gedəm. Heç olmasa gedib görəm... 86 yaşım var, mən nə bilim gedib görəcəyəm, görməyəcəyəm o torpağı”- Səttar Veysəlov təəssüflənir. 

86 yaşlı Cəbrayıl rayon sakini Səttar Veysəlova digər qarabağlılar kimi torpağına baş çəkməyə icazə verilməsə də, şirkətlər artıq bu ərazilərdə işləyib, pul qazanmağa başlayıblar. 

 Araşdırma: AbzasMedia

Paylaş:

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun