Müstəqil pensiya fondları yaradılıbmı?

Müstəqil pensiya fondları yaradılıbmı?
16 İyun 2022
Mətni dəyiş

Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində sığorta-pensiya sisteminini daha da təkmilləşdirilməsi, könüllü sosial sığortalanmanın tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı məsələlərin öz həllini tapması nəzərdə tutulurdu. Prezidentin fərmanından sonra Azərbaycanda belə fondların yaradılması ilə bağlı müxtəlif tədbirlər keçirildi, təkliflər səsləndirildi. Bildirilirdi ki, bu fondlar investitsiya xarakterli olacaq, Belə ki, vətəndaşların fərdi hesablarına yığılan vəsaitlər digər gəlirlərlə birlikdə gələcəkdə onların pensiya ödənişinə daxil ediləcək. Ancaq 2020-ci ilə qədər yekunlaşmalı olan bu proqram hələ də yekunlaşmayıb. Fərmanın ilk illərində bu istiqamətdə müzakirələr olsa da, sonrakı illər ərzində məsələ ətrafında hərəkətlilik hiss olunmadı. Yalnız 2021-ci ildə Azərbaycanın millət vəkili Vahid Əhmədov parlamentdəki çıxışında dedi ki, dünyada özəl pensiya fondları var, amma Azərbaycanda yoxdur. Artıq vaxtıdır ki, Azərbaycanda da özəl pensiya fondları yaradılsın. İqtisadçı ekspert Pərviz Heydərov bildirir ki, ölkədə son dövrdə sürətlə pensiya-sığorta islahatları aparılsa da yaxın perspektivdə sözügedən fondların yaranacağı ehtimalı yoxdur.

İqtisadçı ekspert Fərid Mehralızadə isə deyir ki, ölkədə özəl pensiya fondlarının fəaliyyət göstərməsi üçün ilkin olaraq müvafiq qanunlar, mexanizmlər tərtib edilməlidir. Amma bu sistemin dayanıqlı olacağı sual altındadır.

Özəl pensiya fondlarının faydalarına gəlincə, ekspert hesab edir ki, bu cür fondların yaradılması ölkənin maliyyə sisteminin vəsaitlə təmin olunmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövzu ilə bağlı sorğumuza cavabında qeyd edilib ki, qeyri-dövlət pensiya fondlarının və onların fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yaradılması ilə bağlı qurum tərəfindən müvafiq layihələr hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir. Nazirliyin cavabından aydın olur ki, dövlət 2020-ci ilədək bu istiqamətdə qarşıya qoyulan hədəflərinə çata bilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun