Məhkəmə-hüquq sahəsində irəliləyiş varmı?

Məhkəmə-hüquq sahəsində irəliləyiş varmı?
15 İyun 2022
Mətni dəyiş

Azərbaycanda məhkəmə sistemində illərdir davam edən problemlər daim müzakirə mövzusu olub. Dövlətin 3 əsas sütunundan biri olan bu quruluşun öz hakimiyyətini qoruya bilib-bilməməsi böyük sual altındadır.

Mülki və iqtisadi işlərdəki məhkəmə çıxılmazı, məişət zəminində baş verən zorakılıqlarla bağlı, ictimai-siyasi şəxslərə, tənqidçilərə qarşı sifarişli qərarlar bəlkə də Azərbaycan məhkəmələri barədə ən çox danışılan mövzulardır.

Son olaraq ötən il prezident İlham Əliyevin «Dövlət rusumu haqqında» qanuna dəyişiklikləri təsdiqləməsi və beləliklə məhkəmələrə müraciət edənlər üçün rüsumların kəskin artırılması fonunda vətəndaşların məhkəmələrə çatımlılığı bir az da çətinləşdi.

Halbuki Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bu istiqamətdə bir sıra ciddi addımların atılacağı vəd edilirdi.

Konsepsiyada deyilirdi ki, məhkəmə infrastrukturu təkmilləşdiriləcək, bu fəaliyyətə elektron xidmətlər inkorporasiya ediləcək və vətəndaşların ədalət mühakiməsinə çıxış imkanları artırılacaqdır. Vətəndaşların və xüsusən bölgələrdə yaşayanların hüquqi biliklərinin artırılması daim diqqət mərkəzində saxlanılacaq. Bununla bərabər, hakimlərin fəaliyyətilə bağlı qanunvericilik bazası təkmilləşdiriləcək. Bəs görəsən, bu istiqamətə indiyədək hansı addımlar atılıb?

Millət vəkili Vüqar İskəndərov bildirir ki, məhkəmə sistemində islahatlar edilib və hazırda da edilməkdədir.

Hüquqşünas Elçin Sadıqov isə bildirir ki, indiyədək məhkəmə sistemi ilə bağlı aparılan islahatlar yarımçıqdır və bütün ölkəni əhatə etmir.

Hüquqşünas bildirir ki, məhkəmə rüsumları bir sıra ölkələrdə dövlət hesabına olur və vətəndaşların cibindən maliyyələşmir. Azərbaycanda isə bu belə deyil.

Azərbaycan Respublikası Nazirlər Kabinetindən məsələ ilə bağlı göndərdiyimiz sorğuya cavabda “Məhkəmələr və hakimlər haqqında” Qanunun 100-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlərin müstəqil olduqları və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqları qeyd olunub. Amma sözügedən konsepsiyaya əsasən 2020-ci ilədək aparılan islahatlar barədə heç bir məlumat verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun