İlham Əliyev: 'Ermənistan regionda sülh təşəbbüslərini dəstəkləməkdən imtina edir'

İlham Əliyev: 'Ermənistan regionda sülh təşəbbüslərini dəstəkləməkdən imtina edir'
16 İyun 2022
Mətni dəyiş
Ermənistan bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoyarsa, Bakı da eyni şəkildə cavab verəcək. Azərbaycan prezidenti İlham Əliyev bu gün IX Qlobal Bakı Forumunun açılışındakı nitqində bu mesajı verib. "Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına qoymağa davam edərsə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına qoymaqdan başqa seçimi qalmayacaq", deyə o bildirib. Tarixə qısaca nəzər salan Əliyev qeyd edib ki, 1920-ci ilin noyabrında - Azərbaycanın sovetləşməsindən altı ay sonra Sovet hakimiyyəti respublikanın tarixi hissəsini - Zəngəzuru alıb və Ermənistana birləşdirib. "Buna görə Ermənistan Qarabağ erməniləri üçün status tələb edəcəksə, niyə azərbaycanlılar Qərbi Zəngəzurdakı azərbaycanlılar üçün status tələb etməsin? Axı bu ərazidə tamamilə azərbaycanlılar məskunlaşırdı", deyə Əliyev qeyd edib. O, Ermənistan hökumətini "İkinci Qarabağ müharibəsinin dərslərini unutmamağa" və Azərbaycana qarşı istənilən ərazi iddiasından əl çəkməyə çağırıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan regionun əməkdaşlıq, inteqrasiya və sülh regionuna çevrilməsinin tərəfdarıdır. Əliyevin sözlərinə görə, Bakı və Tbilisi bu istiqamətdə müzakirələrə başlamaq üçün Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının üçtərəfli görüşünü keçirməyi təklif edib. "Təəssüf ki, Ermənistan tərəfi etiraz edir. Səbəbini bilmirəm, buna heç bir əsaslı izah tapa bilmirəm. Bildiyim qədər, Avropa institutlarından birinin də təklifi olub və yenə imtina cavabı gəlib", deyə Əliyev sözünə davam edib. Əliyev həmçinin Ermənistanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli (Azərbaycan, Ermənistan və RF liderlərinin) bəyanatı pozaraq, "Zəngəzur dəhlizinin açılmasına" mane olmaqda ittiham edib. Ermənistan Laçın dəhlizindən istifadə etməyə davam edir, bir halda ki, Azərbaycan Naxçıvanla nəqliyyat əlaqəsi üçün Zəngəzur dəhlizindən istifadə edə bilmir. "Bu, ədalətsizlikdir və biz heç vaxt bununla razılaşmayacağıq", deyə prezident əlavə edib. Əliyev qeyd edib ki, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işə başlamağı təklif edib və münasibətlərin normallaşması üçün əsas təşkil edəcək 5 prinsip irəli sürüb. "Azərbaycan artıq öz tərəfindən sülh sazişi üzrə komissiyanı qurub və biz Ermənistanın da bu addımı atmasını gözləyirik. Bu addım atılsa, dərhal danışıqlar başlayacaq", deyə Əliyev qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun