Hökumət Demokratiya və Rifah Partiyasının dövlət qeydiyyatına alınmasından yenə imtina edib

Hökumət Demokratiya və Rifah Partiyasının dövlət qeydiyyatına alınmasından yenə imtina edib
30 İyun 2022
Mətni dəyiş

Azərbaycan Ədliyyə Nazirliyi növbəti dəfə Demokratiya və Rifah Partiyasının  dövlət qeydiyyatından imtina edərək sənədləri geri qaytarıb.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, Ədliyyə Nazirliyi öz qərarını qanuni nümayəndənin notarial qaydada təsdiq edilmiş imzasının olmaması ilə əsaslandırıb.

Lakin sənədlərdə qanuni nümayəndənin- partiyanın aparat rəhbəri Ellada Məmmədlinin və digər təsisçilərin imzaları olub. Bu imzalar notarial qaydada təsdiqlənib.

Qeydiyyat üçün əvvəlki müraciətdə də partiyaya oxşar cavab verilib.

Partiya bunu Ədliyyə Nazirliyinin qanuni əsas olmadan qeydiyyatdan imtina etmək istəyi kimi qiymətləndirir.

Partityanın sədri Qubad İbadoğlu bildirib ki, Azərbaycan Demokratiya və Rifah Partiyası yaranandan bəri ötən 8 aydır ki, qeydiyyat məsələsi ilə məşğuldur. İndiyə qədər bu məqsədlə Ədliyyə Nazirliyinə 2 dəfə müraciət olunub, hər müraciət  orta hesabla 4 ay vaxt aparıb. Ədliyyə Nazirliyi ilk cavabda bütün iradları göstərməliydi.

Qubad İbadoğlu hesab edir ki, qeydiyyatdan imtina siyasi xarakter daşıyır və birləşmə azadlığını pozur.

Azərbaycan Demokratiya və Rifah Partiyası 2015-ci ildə yaradılmış Demokratiya və Rifah Hərəkatının əsasında 2021-ci il oktyabrın 17-də təsis edilib. Partiyaya iqtisad elmləri doktoru, professor Qubad İbadoğlu rəhbərlik edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun