Maliyyə naziri: "Ölkədə nəzərdə tutulandan daha yüksək inflyasiya oldu"

Maliyyə naziri: "Ölkədə nəzərdə tutulandan daha yüksək inflyasiya oldu"
25 May 2022
Mətni dəyiş
Mayın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsi müzakirə edilib. İclasda çıxış edən Maliyyə naziri Samir Şərifov deyib ki, ötən il neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulanla müqayisədə 70 faizdən yüksək olub, bu da icmal büdcənin kəsrsiz icra olunmasına münbit şərait yaradıb. Azadlıq Radiosunun məlumatına görə, nazir çıxışında 2021-ci ildə Azərbaycanın iqtisadi inkişafına mənfi təsirlər olduğunu da bildirib: "Bu təsirlər, əsasən, xarici faktorlarla bağlı idi. Söhbət inflyasiyanın artmasından gedir. Bizim ölkəmizdə də nəzərdə tutulduğundan daha yüksək inflyasiya səviyyəsi oldu". Nazir qeyd edib ki, inflyasiyanın artmasının əsas səbəblərindən biri də ərzaq məhsullarının qiymətinin dünya səviyyəsində artmasıdır: "Cari ildə də proses, təəssüf ki, davam edir və hətta daha da kəskinləşib". Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə Azərbaycanda inflyasiya 12, ərzaq inflyasiyası isə 17 faizdən yüksək olub. Halbuki, 2021-ci ilin əvvəlində rəsmilər Azərbaycanda həmin il inflyasiyanın 4 faiz diapazonunda formalaşacağını gözlədiklərini açıqlamışdılar. Azərbaycanın 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat, xərcləri 28 milyard 543 milyon manat təsdiq edilib. Neftin bir bareli orada 40 dollar götürülmüşdü. Hazırda Azərbaycan neftinin bir bareli 122 dollardan yüksək satılır. Azərbaycanın 2022-ci il dövlət büdcəsinin gəlirləri isə 26 milyard 816 milyon manat, xərcləri 29 milyard 879 milyon manat proqnozlaşdırılır. Bu il isə neftin bir bareli büdcədə 50 dollar götürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun