Kənd təsərrüfatımız sığortalanırmı?

Kənd təsərrüfatımız sığortalanırmı?
25 May 2022
Mətni dəyiş

Azərbaycanın kənd təsərrüfatı sahəsində uzun müddətdir əsas problemlərdən biri aqrar sığorta mexanizminin olmaması idi. Fermerlər bu və ya digər səbəblərdən zərər görən təsərrüfatlarını öz hesablarına bərpa edirdilər. Əvvəlki illərdə “Aqrar sığorta” adı ilə müxtəlif xidmətlər təklif olunsa da, bu, əlçatmaz imkan idi. Çünki burada uyğun sığorta şirkətlərini fermerlər özləri tapmalı, sığorta üçün razılıq almalı idilər. Yalnız bundan sonra dövlət prosesə təkan verəcək addımlar atırdı. Azərbaycanda kənd təsərrüfatı sahəsində sığorta fəaliyyəti göstərən ixtisaslı şirkətlərin yoxluğu bu istiqamətdə fəaliyyətin qarşısını alırdı.

Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında kənd təsərrüfatının sığortalanması mexanizminin təkmilləşdirilməsi, nəticədə kənd təsərrüfatında məhsuldarlıq artması və kənd əhalisinin qabaqcıl  beynəlxalq təcrübə ilə daha yaxından tanış olması nəzərdə tutulurdu. Bəs ötən illər ərzində bu istiqamətdə hansı addımlar atıldı?

Azərbaycanda kənd təsərrüfatı üzrə aparıcı ekspertlərdən biri olan Vahid Məhərrəmli bildirir ki, Azərbaycanda kənd təsərrüfatının sığortalanması ilə bağlı 20 il bundan qabaq qanun qəbul edilsə də, onun tətbiqi ilə heç bir iş görülməyib. Ekspert son 5 ildə yeni qanunların qəbul edildiyini, amma tətbiqatda problemlərin olduğunu deyir.

Ekspertin sözlərinə görə, Azərbaycanda bitkiçiliklə məşğul olan təsərrüfatların yalnız 1 faizi sığortalanıb. Bu isə fermerlərin sığortalayan şirkətə etibar etməməsi ilə bağlıdır.

Vahid Məhərrəmli qeyd edir ki, hökumət bu problemi aradan qaldırmaq məqsədilə heç bir iş görmür. Məsələni araşdırmaq üçün isə ölkədə müstəqil ekspert çatışmazlığı mövcuddur.

İqtisadçı Eldəniz Əmirov da qeyd edir ki, kənd təsərrüfatının sığortalanması problemləri hazırda sığortalanma məsələlələri arasında ən həssas mövzulardandır və daha çox risklərlə əhatə olunub. Rəsmi məlumatlardan aydın olur ki, bu istiqamətdə əsas fəaliyyət sözügedən konsepsiya çərçivəsində yox, prezidentin 2019-cu il 19 avqust tarixli “Aqrar srgorta haqqında” Azerbaycan Respublikası Qanunun tətbiqi barədə fərmanı ilə başlayıb.

Elə məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq da qurumdan bildirilib ki, sözügedən qanun çərçivəsində Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci ilin noyabr ayında isə ölkədə aqrar sığorta mexanizmi fəaliyyətə başlayıb. Aqrar sığorta bitkiçilik, heyvandarlıq və balıqçılıq istiqamətlərini əhatə edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun