AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb

AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb
18 May 2022
"Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb. APA-nin məlumatına görə, QSC-nin xalis zərəri 3 faiz azalaraq 76,4 milyon manat olub. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb. 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. 2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon, maliyyə xərcləri 83,9 milyon manat, xarici valyuta mübadiləsindən zərəri 9,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 10,2 milyon manata bərabər olub. QSC-nin aktivləri 5 faiz azalaraq 1,978 milyard manata, öhdəlikləri 1,5 faiz azalaraq 2,757 milyard manata enib. Cəmi kapitalı isə 779,760 milyon manata (9 faiz çox) çatıb. “Qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, yenə də ziyanla işləyəsən” Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb: "İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən – söhbət yenə analoqu olmayan şirkətdən, AZAL-dan gedir". İqtisadçı bildirib ki, AZAL son maliyyə hesabatını açıqlayıb, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub:
"Halbuki 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb. Bundan başqa AZAL-ın 2,2 milyard manat borcu da var. Əsas borc dövlətə, Maliyyə Nazirliyinədir”.
Natiq Cəfərli hesab edir ki, AZAL bu vəsaiti nazirliyə qaytarmayacaq: "Yəni, ölmüş puldur, bu vəsaiti AZAL heç qaytarmayacaq da. Bir müddət sonra borclar silinəcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun