Kimdir müqəssir? - Seymur Baycan

Kimdir müqəssir? - Seymur Baycan
18 Aprel 2022

APA-nın saytında “Hanı bizim Zəfər ədəbiyyatımız, marşımız, kinomuz, tamaşamız? – Mədəniyyət Nazirliyi və yaradıcı birliklərə böyük sual” adlı yazı oxudum. Yazının lap qısaca məzmunu, məğzi ondan ibarətdir ki, dövlətdən ev, mükafat, orden, medal, təqaüd alan, öləndə Fəxri Xiyabanda basdırılmağı arzulayan yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar, rejissorlar zəfəri güclü tərənnüm etmirlər. Kifayət qədər əhatəli, səliqəli yazılmış yazıda belə ağır fikirlər yer alıbdır:

“Söz yox, direktivlə sənət yaranmaz. Heç bir halda sənət adamının qarşısına “bunu yaz”, “bundan çək” öhdəliyi qoymaq olmaz. Bir şərtlə ki, həmin sənət adamı da dövlətdən nəsə güdməsin, gecə-gündüz qaranquş balası kimi ağzını açıb dövlət anadan fəxri ad, ev, orden, medal, ən axırda da Fəxri xiyabanda dəfn olunmağı ummasın, dövlətdən heç bir qrant, tender filan olmadan, əvəzsizcə maliyyələşən yaradıcı qurumlarda təmsil olunmasın“.

Əhatəli, səliqəli yazı, bəyanat tipli, sərt cümlələrlə bitir:

“Əgər bu qurumlar müasir sənət menecmenti qaydalarına zidd şəkildə, ümumi rifaha söykənən çağdaş dövlət-sənət münasibətlərini mənimsəmədən, sovet dövründə olduğu kimi dövlətdən dəstək istəyərək yaşayacaqlarsa, o zaman elə sovet dövründə olduğu kimi buyursunlar, xalqın gözləntilərini doğrultsunlar. “Bizim Cəbiş müəllim”, “Mən ki gözəl deyildim”, “Ana və poçtalyon”, “Ananın öyüdü” səviyyəsində yaddaşlarda qalan, dəyərli əsərlər ortaya qoysunlar, yox bunu etməyəcəklərsə dövlətdən də imtiyaz güdməsinlər. Hər kəs də dərdinə özü çarə olsun”.

Nə demək olar? Tamamilə haqlı iradlardı. O mənada ki, indiki Azərbaycan reallığında dövlətdən mükafat, orden, medal, təqaüd, ev alan, öləndə Fəxri Xiyabanda basdırılmağı arzulayan adamlar zəhmət çəkib dövlətin sifarişlərini canla-başla, vaxtlı-vaxtında yerinə yetirməlidirlər. Bu tərəfdən məsələyə yanaşdıqda yazıda qoyulan tələblərin, səslənən sərt iradların yerində və haqlı olması ilə razılaşmamaq çətindir, hətta qeyri mümkündür.

Dövlətdən təqaüd, orden, medal, ev, mükafat alan, öləndə Fəxri Xiyabanda basdırılmağı arzulayan şəxslər sərt iradların, tələblərin haqlı olduğunu qəbul etmək məcburiyyətindədirlər və insafən sərt iradları, tələbləri kamali-ədəblə qəbul edirlər də. Artıq hesabat tipli yazılar yazırlar, müsahibələr verirlər: “Baxın, zəfər, müharibə mövzusunda filan qədər məqalə, şeir, hekayə, roman yazmışıq, filan qədər kitab nəşr etmişik və tənqidlərdən, iradlardan nəticələr çıxarıb bundan sonra zəfəri daha da şövqlə, daha həvəslə tərənnüm edəcəyik...”

Problem isə ondan ibarətdir ki, dövlətdən ev, təqaüd, orden, medal, mükafat alan, öləndə Fəxri Xiyabanda basdırılmağı arzulayan adamlara qarşı tələblər tam açıq, səmimi şəkildə ortaya qoyulmur. “Zəfər yaxşı tərənnüm edilmir” deyildikdə, doğurdanmı sırf, məhz zəfərin tərənnümü nəzərdə tutulub? Çoxları belə hesab edir ki, “zəfər yaxşı tərənnüm edilmir” deyildikdə məhz zəfərin yox, birbaşa hakimiyyətin tərənnümü nəzərdə tutulur. Düzdür, dövlətdən ev, təqaüd, orden, medal, mükafat alan, öləndə Fəxri Xiyabanda basdırılmağı arzulayan adamlar nələrə eyham vurulduğunu, örtülü mesajları çox yaxşı başa düşürlər. Necə deyərlər, arifə bir işarə.

Təcrübəli adamlardı, proseslərdə saç-saqqal ağardıblar, hər şeyi öz adı ilə çağırsaq, xalis milli kahinlərdi (Boleslav Prus “Firon” əsərində bu kahinlərin mahiyyətin, anatomiyasını mükəmməl bir şəkildə təsvir edibdir, bizim milli kahinləri başa düşmək, kahinlərin siyasətdə, cəmiyyətdə hansı rolları oynadıqlarını dərindən öyrənmək istəyənlər zəhmət çəkib “Firon”u diqqətlə oxusunlar) Amma örtülü mesajlar, tələblərin, iradların açıq, səmimi formada səsləndirilməməsi adi, təcrübəsiz, proseslərə nabələd adamları, uşaq-muşağı çaşbaş vəziyyətə salıbdır. Lazımsız, yersiz versiyalar, reallığa söykənməyən gülməli fikirlər “istehsal edirlər”. Örtülü bazar, dostluğu pozar. Tələblər nə qədər açıq, səmimi formada qoyulsa çaşbaş vəziyyətinə düşən adamların sayı da bir o qədər az olar. Hər kəsin beyni örtülü mesajların əsl mənasını başa düşmək, örtülü mesajların əsl mənasını qavramaq iqtidarında deyil. Qəlizləşdirmək yox, sadələşdirmək lazımdı.

Gəlin məsələyə daha geniş prizmadan baxaq. Hakimiyyət, həqiqətən də, zəfərin belə tez yaddan çıxmasını gözləmirdi. Hakimiyyət zəfər ab-havasının uzun müddət davam edəcəyini zənn edirdi. Hakimiyyət belə hesab edir ki, zəfər ab-havasının belə tez yaddan çıxmasında dövlətdən ev, təqaüd, orden, medal, mükafat alan, öləndə Fəxri Xiyabanda basdırılmağı arzulayan adamların da mənfi mənada payı var. Hakimiyyət belə hesab edir ki, dövlətdən ev, orden, medal, təqaüd, mükafat alan, öləndə Fəxri Xiyabanda basdırılmağı arzulayan adamlar yaxşı işləmirlər. Əgər dövlətdən ev, orden, medal, təqaüd, mükafat alan, öləndə Fəxri Xiyabanda basdırılmağı arzulayan adamlar yaxşı işləsəydilər, zəfəri canla-başla, həvəslə, istedadla tərənnüm etsəydilər, zəfər ab-havası belə vaxtından əvvəl sovrulmazdı. Onlar, yəni dövlətdən ev, orden, medal, təqaüd, mükafat alan, öləndə Fəxri Xiyabanda basdırılmağı arzulayan adamlar aldıqlarının müqabilində hakimiyyətə çox az töhfələr verirlər. Bir növ xərcləri borclarını ödəmir.

***

Yaxından və uzaqdan tanıyanlar yaxşı bilirlər ki, dövlətdən maliyyələşən yaradıcı birliklərə qarşı uzun illər daima sərt mövqedə dayanmışam. Bunu heç kim inkar edə bilməz. Bəzi yoldaşlar elə başa düşə bilərlər ki, yaradıcı birlikləri, dövlətdən ev, təqaüd, orden, medal, mükafat alan, öləndə Fəxri Xiyabanda basdırılmağı arzulayan adamları indi müdafiə etmək, onlara haqq qazandırmaq istəyirəm. Qətiyyən belə bir niyyətim, fikrim yoxdur. Sadəcə yüz dəfə imam üçün ağlayanda, bir dəfə də Yezid üçün ağla prinsipinə hal-hazırda bir balaca riayət etmək, vicdanımın səsinə zərrə qədər qulaq asmaq fikrindəyəm.

Xülaseyi-kəlam, problem zəfərin yaxşı, istedadla, həvəslə, geniş təsvir olunmasında və ya zəfərin yaxşı, həvəslə, geniş təsvir olunmamasında deyil. Problem hər şeydən əvvəl sağlam rəqabət mühitinin yerli-dibli, kökündən mövcud olmamasındadır. Zəfər ab-havasının belə tez sovrulmasının səbəblərini hakimiyyət qıraqda-bucaqda, hansısa şairdə, yazıçıda, rejissorda yox, məhz özündə axtarmalıdır.

Adamın üstündə Allah var, həqiqətən də, azərbaycanlılar müharibə günlərində böyük həmrəylik nümayiş etdirmişdilər.

Bu həmrəyliyin də öz növbəsində müxtəlif səbəbləri var idi, amma indi o səbəblərə toxunmağa heç ehtiyac yoxdur. Müharibə günlərində yüksək həmrəylik nümayiş etdirən azərbaycanlılar, müharibədən sonra müsbətə doğru dəyişikliklər baş verəcəyinə böyük inam bəsləyirdilər. Hətta bu mövzuda, “müharibədən sonra hər şey başqa cür olacaq” janrında elə müharibə gedə-gedə neçə-neçə yazılar yazılmışdı. 
Müharibə günlərində yüksək həmrəylik nümayiş etdirən insanların müharibədən sonra müsbət istiqamətdə dəyişikliklərin baş verəcəyini gözləməklərinə tam mənəvi haqları çatırdı. Amma əfsuslar olsun ki, müharibədən sonra müsbət istiqamətdə heç bir dəyişiklik baş vermədi. Üstəlik, müharibədə yaralanan əsgər və zabitlərə qarşı laqeyd münasibət, orden və medalların paylanmasında, əlillik dərəcələrinin müəyyən olunmasında baş verən ədalətsizliklər, ayrı-ayrı adamlardan, şirkətlərdən, idarələrdən kobudluqla pul yığılması faktları da camaatın qələbədən küsməyində müstəsna rol oynadı, nəticədə, zəfər ab-havası çox tez sovruldu. İndi hakimiyyət bəslədiyi yaradıcı birliklərin, bəslədiyi şairlərin, yazıçıların, rəssamların, rejissorların boğazından yapışıb ki, nə yolla olursa, olsun, mənim qazandığım zəfərin ömrün uzatmalısınız, yüksək zəfər ab-havası yaratmalısınız. Necə uzatsınlar, necə yaratsınlar? Sağlam rəqabət mühitinin olmadığı, müxtəlif cür ədalətsizliklərin hökm sürdüyü bir yerdə zəfərdən bəhs edən hansı şeir, hansı roman, hansı film adamlara dərindən təsir edəcək? Əlbəttə, müharibədən sonra hökumətdən köklü, radikal dəyişikliklər gözləmək sadəlövhlük olardı, amma hökumət əlinə düşən bu fürsəti qiymətləndirib müəyyən sahələrdə, heç olmasa kosmetik dəyişikliklər aparmalı idi. Dəyişikliklər aparmaq hamıdan, hər kəsdən əvvəl elə hökumətin özünə lazım idi. Heç bir dəyişiklik baş vermədi və hökumətdən dəyişiklik gözləyən xeyli adam üzə vurmasa da, hökumətdən narazı qaldı. Dəyişiklik gözləyən və heç bir dəyişikliyin baş vermədiyini görən, pərt olan adamlarda, indi hansısa əsərlə təzədən zəfər sevinci yaratmaq çətindir.

Hakimiyyətin könlündən həqiqi zəfər ab-havası yaratmaq keçirsə adamlara çörək verməlidir, ədalət bərqərar olmalıdır, səmimi islahatlar aparılmalıdır, sağlam rəqabət mühiti yaradılmalıdır.

Bunu bir dəfə yazmışam, yeri düşüb bir daha yazıram.

Sağlam rəqabət mühiti yaranmasa, səhiyyədə, təhsildə, məhkəmələrdə islahatlar aparılmasa, ölkənin sərvətləri azdan-çoxdan ədalətlə bölüşdürülməsə, hökumət lap aparıb Yelisey düzünə bayraq sancsa da, xeyri olmayacaq. Hə, camaat bir müddət yalandan, ya da doğrudan şənlənəcək, sevinəcək, atlanıb-düşəcək, amma sonra yenə də çörək, ədalət istəyəcək.

Sağlam rəqabət mühitinin olmadığı, təşəbbüslərin boğulduğu yerdə heç bir inkişafdan söhbət belə gedə bilməz. SSRİ də müharibədə Almaniya üzərində qələbə qazanmışdı. Amma bu gün qalib sovet əsgərlərinin nəvə-nəticələri müharibədə məğlub olmuş Almaniyada təhsil alırlar, Almaniyadan sığınacaq istəyirlər, Almaniyada iş axtarırlar.

Seymur Baycan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun