Azərbaycanda turizm inkişaf etdirilib?

Azərbaycanda turizm inkişaf etdirilib?
14 Mart 2022
Mətni dəyiş
Azərbaycanda problemli sahələrdən biri də Turizm sahəsidir. rəsmi məlumatlara və məhkəmə qərarlarına baxdıqda məlum olur ki, hökumətin bu sahə üzrə siyasətindən cavabdeh olan ləğv olunmuş Mədəniyyət və Turizm Nazirliyi uzun illər korrupsiya ilə məşğul olub. Bu qurumdakı korrupsiya isə ölkəyə turist axınının azalmasında və turizm sahəsinin mənfi inkişafında xüsusi rol oynayıb. Bütün bu pozuntularla yanaşı, nazirliyin gördüyü işlərin də nə qədər effektiv olması mübahisə mövzusudur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində sözügedən problemlər böyük ölçüdə öz həllini tapmalı idi. Konsepsiyada deyilirdi ki, bölgələrdə turizm fəaliyyəti stimullaşdırılacaq, informasiya təbliğat işi gücləndiriləcək, milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla turizmin müxtəlif növləri müvafiq turizm marşrutları yaradılmaqla təşviq ediləcək. Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bildirir ki, 2019-cu ilin sonu – 2020-ci ilin yanvar-fevral aylarında ölkədə turizm sahəsində davamlı inkişaf qeydə alınıb. Turizmlə bağlı qanunvericilikdə edilən dəyişikliklərə gəlincə, Kənan Quluzadə bildirir ki, 2018-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin ləğv edilməsindən sonra yaradılan Dövlət Turizm Agentliyi məsələ ilə bağlı yeni təkliflərini müvafiq qurumlara təqdim edib. Turizm eksperti Rəvan Qulamlı isə bildirir ki, bu sahədə qəbul edilən yeni qərarlar ölkədə nəinki turizmin inkişafına xidmət edir, əksinə onun daha da geriləməsinə yol açır. Xüsusilə pandemiya dövründə ölkələrin turistlərə qapılarını bağlaması və sonrasında qəbul edilən qərarlar Azərbaycana turist axınının zəifləməsinə səbəb olub. Ekspert bildirir ki, ölkədə turizmin inkişafını zəiflədən digər amil isə ucuz aviadaşıyıcıların ölkədə fəaliyyətinə yaradılan maneələrdir. AbzasMedia konsepsiya çərçivəsində atılmış addımları aydınlaşdırmaq üçün Dövlət Turizm Agentliyinə sorğu ilə müraciət edib. Agentlikdən bildirilib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərilən hədəflərə tam çatılıb və yeni layihələr üzərində çalışmalar davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun