12 illik təhsil sisteminə niyə keçə bilməmişik?

12 illik təhsil sisteminə niyə keçə bilməmişik?
28 Mart 2022
Mətni dəyiş
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında deyilirdi ki, Azərbaycanda 12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək, bununla əlaqədar təhsil proqramları və dərsliklər müasir tələblərə uyğun yenilənəcək. Ekspertlər 12 illik təhsil sisteminə keçidi Azərbaycan təhsilini Qərb təhsil səviyyəsinə çatdırmaq yolunda vacib addım hesab edirdilər. Bildirilirdi ki, 12 illik təhsilin son 3 ili ixtisasyönümlü olacaq. Yəni şagirdlər özləri istədikləri ixtisasa uyğun fənlər üzrə təhsil alacaqlar. Təhsil eksperti İlqar Orucov bildirir ki, 12 illik təhsil sistemi təhsil tutumlu ölkələrin getdiyi yoldur və bir çox ölkələrdə bu sistemə keçid artıq təmin olunub. Ancaq hələ də 12 illik təhsil sisteminə keçid təmin olunmayıb. Bəs görəsən, bunun səbəbləri nədir? Milli Məclisin elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov isə bildirir ki, təhsilin 12 illik sistemə keçməsi ilə bağlı təşəbbüslər və planlar mövcuddur. Amma millət vəkili bu keçidin nə zaman baş verəcəyi barədə məlumat verməyib. Məsələ ilə bağlı müraciət etdiyimiz Təhsil Nazirliyindən də bildirilib ki, hazırda həyata keçirilən və təhsil sisteminin yol xəritəsi hesab olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda 12 illik ümumi təhsil əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu baxımdan 12 illik ümumi təhsil prioritet islahat istiqamətlərindən biri kimi qalmaqdadır. Nazirlikdən qeyd edilib ki, bununla əlaqədar müvafiq mexanizm hazırlanır. Təhsil Nazirliyinin cavabından da göründüyü kimi 2020-ci ilədək yerinə yetirilməsi hədəf qoyulan 12 illik təhsil sisteminə keçid prosesi hələ də hazırlıq mərhələsindədir və nə zaman reallaşacağı qeyri-müəyyən olaraq qalmaqdadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun