Hesabat: "Azərbaycandakı uşaqların cəmi 16.9 faizi sosial müdafiə tədbiriylə əhatə olunub"

Hesabat: "Azərbaycandakı uşaqların cəmi 16.9 faizi sosial müdafiə tədbiriylə əhatə olunub"
7 Fevral 2022
Mətni dəyiş
Beynəlxalq Əmək Təşkilatının Qlobal Sosial Müdafiəyə dair hesabatında (World Social Protection Report 2020-2022) müxtəlif ölkələrdə bu məsələnin səmərəlilik dərəcəsi müqayisə edilir. COVID-19 böhranı zamanı dünyada sosial müdafiə son dərəcə yayılsa da, hesabata görə, hələ də 4 milyarddan çox insan bu müdafiədən tam qıraqda qalıb. Beynəlxalq Əmək Təşkilatı pandemiya dönəmində dünyadakı sosial müdafiə tədbirlərini yetərsiz sayır. Qurum həssas əhali qrupuna daxil yaşlı, işsiz və əlillərlə bağlı addımları, eləcə də yeni uşaq doğulan və ailə başçısını itirən ailələrə tətbiq edilən sosial müdafiə tədbirlərini araşdırarkən bu nəticəyə gəlib. Beynəlxalq Əmək Təşkilatının fikrincə, sosial müdafiənin yetərsiz qalması zəngin və azgəlirli ölkələr arasındakı fərqi daha da dərinləşdirib. Beləcə, insanlar ən ehtiyac duyduqları an sosial müdafiədən məhrum qalıblar. Məsələn, Avropa ölkələrində əhalinin 84 faizi hökumətin, ən azı, bir sosial müdafiə tədbirindən (səhiyyə xidmətləri xaric) yararlanıb. Amerika qitəsində həmin göstərici 60 faiz, ərəb ölkələrində 40 faiz, Afrikada cəmi 17 faiz olub. Yüksək və az gəlişmiş regionlar arasında ortalama beş dəfə fərq var. Belə fərqlər sosial müdafiəyə çəkilən xərclərdə də üzə çıxır. Hazırda bütün dünya üzrə toplam daxili məhsulun ortalama 12.8 faizi məhz bu tip xərclərdir. Ancaq irəliləmiş ölkələrdə həmin göstərici 16.4 faiz, azgəlirli ölkələr qrupunda isə cəmi 1 faizdir.

Azərbaycanda durum necədir?

Beynəlxalq Əmək Təşkilatının Qlobal Sosial Müdafiəyə dair hesabatında Azərbaycanla bağlı da maraqlı nəticələr var. Məsələn, hökumətin, ən azı, bir sosial müdafiə tədbirindən (səhiyyə xidməti xaric) vətəndaşların cəmi 39 faizi yararlanıb. Region ölkələri ilə müqayisədə Azərbaycanın həmin indikator üzrə ən sonda olduğu üzə çıxır. Məsələn, eyni göstərici Ermənistanda 54 faiz, Gürcüstanda 97 faiz, Türkiyədə 80 faiz, Qazaxıstanda isə 100 faizdir. Ən azı, bir sosial müdafiə tədbirindən (səhiyyə xidməti xaric) yararlanma göstəricisini müxtəlif əhali qrupları üzrə nəzərdən keçirdikdə daha aydın mənzərə yaranır. Məsələn, hesabata görə, Azərbaycandakı uşaqların cəmi 16.9 faizi sosial müdafiə tədbiriylə əhatə olunub. Halbuki, eyni göstərici Qazaxıstanda 57 faiz, Gürcüstanda 48 faiz, Ermənistanda 30 faizdir. Adı çəkilən istiqamətdə dünya ortalaması 26.4 faizə bərabərdir. Yəni, Azərbaycan sosial müdafiə tədbirləriylə əhatə edilən uşaqların sayına görə dünya ortalamasından da geridə qalıb. Avropa ölkələrinin əksəriyyətində bu göstərici 100 faizdir. Başqa deyimlə, həmin ölkələrdə doğulan uşaqların hamısı hökumətin, ən azı, bir sosial müdafiə tədbirindən faydalanıb. Uşaqlarla yanaşı, analarla bağlı göstəricilər də ürəkaçan deyil. Qlobal Sosial Müdafiə hesabatına görə, Azərbaycanda yeni övlad dünyaya gətirmiş anaların cəmi 16 faizi hökumətin sosial müdafiə proqramıyla əhatə olunub. Bu göstərici Ermənistanda 62 faiz, Qazaxıstanda 44 faiz, Gürcüstanda 26 faizdir. Həmin göstərici üzrə dünya ortalaması 45 faizə bərabərdir. Başqa deyimlə, dünyada uşaq doğan hər 100 qadından 45-i hökumətin hansısa sosial müdafiə tədbirindən faydalanır. Hər 100 qadından cəmi 16-sının belə şansı olan Azərbaycan bu göstəriciylə regionlar üzrə yalnız Afrikayla (14.9) müqayisə edilə bilər. İrəliləmiş ölkələrin, demək olar, hamısında uşaq dünyaya gətirmiş qadınların sosial müdafiə tədbirləri ilə əhatə dərəcəsi 100 faizdir. Açıqlanan bilgilərdən aydın olur ki, Azərbaycanda iqtisadi fəal qadınların cəmi 26 faizi əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Bu o deməkdir ki, ölkədə iqtisadi fəal əhali qrupuna aid hər 100 qadından cəmi 26-sı ona pensiya və məzuniyyət hüququ qazandıran sosial haqlara malikdir. Bu, ölkədəki qadınların əmək bazarında məhdud iştirakını və dolayısıyla sosial haqlara çıxışının məhdud olmasını göstərir. Nisbətən daha yaxşı göstəriciyə malik həssas qrup əlillərdir. Hesabata görə, ağır dərəcədə əlilliyi olan şəxslərin 100 faizi bütün region ölkələrində tibb xidmətlərindən başqa, ən azı, bir dəfə sosial müdafiə tədbiriylə əhatə olunub. Region ölkələriylə müqayisədə işsizlərlə bağlı sosial müdafiə tədbirləri də nisbətən yaxşıdır. Azərbaycanda işsizlərin 19.2 faizi sosial müdafiə tədbirindən yararlana bilib. Gürcüstan və Ermənistanda bu göstərici sıfıra bərabər olub. Sosial müdafiə xərclərinə gəlincə, Azərbaycanda bu tip xərclərin (səhiyyə xərcləri xaric) ÜDM-dəki payı 6 faizdir. Region ölkələrindən Gürcüstanda bu göstərici 7.1 faiz, Ermənistanda 6.8 faiz, Qazaxıstanda 5.1 faiz, Türkiyədə 9.9 faiz, Rusiyada 13 faizdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun