Müsəlman Birliyi Hərəkatının iki üzvünün saxlanıldığı bildirilir

Müsəlman Birliyi Hərəkatının iki üzvünün saxlanıldığı bildirilir Nicat Əliyev (Fotonu Nicat Əliyevin ailəsi təqdim edib)
2 Dekabr 2022
Mətni dəyiş

"Evə baxan bircə o oğlumdur. Bu gün o yoxdur, evə pul gətirməyib deyə, qazı vura bilməmişik”

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Nicat Əliyevin anası Təzəgül Əliyeva oğlundan xəbər ala bilmir. O, AbzasMedia-ya deyib ki, oğlu dekabrın 1-i səhər saatlarında işə getmək üçün evdən çıxıb, ondan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. T. Əliyeva oğlunu tapmaq üçün Daxili İşlər Nazirliyinin qaynar xəttinə müraciət edib:

 “Abşeron rayon Polis Şöbəsində ərizə yazmışıq, hələ də bir xəbər yoxdur. Evə baxan bircə o oğlumdur. Bu gün o yoxdur, evə pul gətirməyib deyə, qazı vura bilməmişik”. 

MBH-ın digər üzvü Samir Babayevin xanımı Günel Babayeva deyib ki, yoldaşı səhər saatlarında evdən çıxarkən saxlanılıb. O, mülki geyimli şəxslərin yoldaşını saxlayarkən qonşuların bunu gördüyünü əlavə edib: 

“Əmisi 14-cü polis bölməsinə gedib. Oradan deyiblər ki, burda yoxdur, ola bilsin Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Ordan da bir məlumat verməyiblər. Özü ilə də danışmaq mümkün olmayıb, telefonu sönülüdür. Bundan əvvəl saxlanılma halı olmayıb, bilmirəm nəyə görə saxlayıblar” – deyə Günel Babayeva bildirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib ki, saxlanılan şəxslərlə bağlı məlumatlı deyil. 

Son günlər MBH-nın üzvlərinə qarşı həbs və psixoloji zorakılıq halları baş verir.

 Noyabrın 23-də MBH-nın üzvü Şahin Qədirov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) həbs olunub. Dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsi Şahin Qədirovun həbsindən verilən şikayəti təmin etməyib.

Vəkil Zibeydə Sadıqova ittihamın əsassız olduğunu qeyd edib.  O bildirib ki, işdə Qədirovun narkotik maddəni  “satış məqsədilə” əldə etdiyi yazılıb, lakin onun narkotik maddə alverilə məşğul olmasına dair heç bir sübut yoxdur.

Hərəkatın  həbsdə olan sədri Taleh Bağırzadə noyabrın 27-də 12 saylı cəzaçəkmə müəssisəsinin rəis müavininin onu və ailə üzvlərini təhqir etməsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib. O, hələ də aclığı davam etdirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun