Əlilliyi olan uşaq təhsil ala bilmir

Əlilliyi olan uşaq təhsil ala bilmir
1 Dekabr 2022
Mətni dəyiş

“Əgər mən pul verəcəmsə, niyə dövlət qanunu ilə gedim? Dövlət qanunu ilə gedirəmsə, niyə pul verim?”

8 yaşlı Amir Abdullayev serebral iflicdir. Bu il təhsilini 3-cü sinifdə davam etdirməli olan Amirə sağlamlıq durumu ilə bağlı arayış verilmədiyinə görə məktəbə gedə bilmir.

Onun anası Səbinə Ələsgərova deyir ki, serebral iflic xəstəliyinin müalicəsi yoxdur. Amma hər il məktəbdən sağlamlıq vərəqəsi istəyirlər:

“Sağlamlıq vərəqəsini almaq üçün hər il poliklinikaya gedirəm, oradan da digər tibb müəssisələrinə göndəriş verirlər. Uşaq komissiyadan keçdikdən sonra da sənəd vermirlər. Bu ildən qərar çıxarıblar ki, uşaq 10 gün tibb müəssisəsində yatmalıdır. Hansı ki, ordakı tibbi prosedur uzağı iki saat çəkir. Əgər 2 saat çəkirsə, mən niyə 24 saat orada vaxt itirməliyəm və uşaq da 10 gün orada qalmalıdır? Bizim ölkədə belədir ki, rüşvət verirsən ki, sənə kağız versinlər. Əvvəl bu rüşvət çox asanlıqla keçirdi, indi rüşvət də istəyirlər, həm də deyirlər ki, dövlətin qanunu necədir, ona uyğun edilməlidir. Əgər mən pulu verəcəmsə, niyə dövlət qanunu ilə gedim? Dövlət qanunu ilə gedirəmsə, niyə pul verim?” – deyə Amirin anası sual edir.

Səbinə Ələsgərova deyir ki, yayda ona göndəriş veriblər ki, oğlu 10 günlük Uşaq Nevroloji Xəstəxanasında yatsın. Amma valideyn xəstəxanaya müraciət etdikdə ondan rüşvət istənildiyini deyir:

“Xəstəxanadan mənə dedilər ki, bizdə yer yoxdur, noyabrda olacaq. Ancaq məktəb sentyabrda açılır. Daha sonra dedilər ki, 200 manat hörmət eləsəniz, sizə yer açarıq".

İnklüziv təhsil prosesindən danışan valideyn deyir ki, fənlər üzrə dərslər ayda 2 dəfə, 20 dəqiqə olmaqla keçirilir. O deyir ki, bu qrafiklə uşaq heç nə öyrənə bilməz:

“Mənim oğlum rus sektorudur, Azərbaycan dili müəllimi ayda iki dəfə gəlirdi, 20 dəqiqə dərs keçib, gedirdi. Əlil uşaq 20 dəqiqəyə nə başa düşəcək? Mən zəng edib məktəbə şikayət edəndə dedilər ki, bizə şikayət etmə, Təhsil Nazirliyi cədvəli necə verir, biz ona uyğun gedirik. Bunlar uşağın əllilliyini yoxlaya bilirlər ki, görək əlildir, ya yox? Amma müəllim evə gəlirmi, dərs keçirmi, keçdiyi dərsin effekti olurmu, bununla heç kim maraqlanmır”.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, 2021-2022-ci ildə Azərbaycanda inklüziv təhsil alan şagirdlərin sayı 1375 nəfər olub.

İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədova deyir ki, Azərbaycanda bu istiqamətdə pedoqoqları yetişdirməli olan təhsil müəssisələri ürəkaçan vəziyyətdə deyil. Onun sözlərinə görə, universitetlərdə hələ də görmə və eşitmə məhdudiyyətli uşaqlarla işləməli olan pedaqoqlar üçün nə işarə dili öyrədilir, nə də Brayl əlifbası:

"Cəmiyyətin bir qrup nümayəndəsinə yazıq, digərinə diskriminativ hiss bəsləyərək inklüziv təhsil sistemi qurmaq qurmamaq kimi bir şeydir. Əlilliyi olan insanları müalicəyə ehtiyacı olan bir subyekt kimi görmək, onları ‘öz cəmiyyətinə inteqrasiya’ etməli olduğunu düşünmək kimi diskriminativ yanaşmalar inklüziv sistemi dağıdır, qurmur. Bəlkə də bir şey quracaqsınız, amma o inklüzivlik anlayışından uzaq bir sistem olacaq. Çünki yazıq və diskriminativ yanaşmalar həmişə kimisə təhsildən kənarda qoyacaq və ya onu mənəvi olaraq əzəcək".

Elnarə Məmmədova deyir ki, Azərbaycanda inklüziv təhsil deyəndə, ancaq əlilliyi olan uşaqlar yada düşür.

Onun sözlərinə görə, xarici təcrübədə bu proqram müxtəlif qrupları əhatə edir:

"Təhsil Nazirliyi inklüziv təhsil proqramı haqqında danışanda dönə-dönə deyir ki, bizim Bakıda bu qədər inklüziv məktəbimiz və hər məktəbdə bu sayda əlilliyi olan uşağımız var. Yəni, Azərbaycanda inklüzivlik əlilliklə xarakterizə olunur. Hansı ki, inklüzivlik sadəcə əlillikdən ibarət deyil. Özünüzə sual verin, cəmiyyətimizdə müxtəliflik sadəcə əlillikdən ibarətdirmi? Cəmiyyətimizin müxtəlif gender nümayəndələri var, müxtəlif iqtisadi təbəqədən, müxtəlif regionlardan gələn, müxtəlif oxuma bacarığına sahib olan uşaqlar var, müxtəlif ailələrdən (tək ana və ya tək ata, boşanmış ailə) gələn uşaqlar var, ailəsində məktəbə gedən ilk uşaq olan ailələr var və sair. Bu siyahı çox uzundur, amma mənim bu günə qədər gördüyüm odur ki, inklüziv proqramlar müxtəlif cəmiyyətin sadəcə əlillik tərəfinə köklənib". 

Azərbaycanın qoşulduğu beynəlxalq konvesnsiyalarda, o cümlədən yerli qanunvericilikdə inklüziv təhsillə bağlı müxtəlif öhdəlikləri var.

“Ümumi təhsil haqqında” Qanunda inklüziv təhsil sağlamlıq imkanları məhdud olan uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait yaratmaqla xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi kimi xarakterizə olunur.

Eyni qanunun 3-cü maddəsində “Sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilinin təşkili” də dövlət siyasətinin əsas prinsipi kimi göstərilir.

AbzasMedia məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ilə müraciət etsə də, cavab almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun