Ermənistan Təhlükəsizlik Şurasının katibi: “Rusiya Ermənistanı Azərbaycana dəhliz verməyə məcbur edir”

Ermənistan Təhlükəsizlik Şurasının katibi: “Rusiya Ermənistanı Azərbaycana dəhliz verməyə məcbur edir”
27 Dekabr 2022
Mətni dəyiş

A. Qriqoryan: "Ermənistan  Rusiyanın ittifaq dövlətinə qoşulmaqla bağlı təklifinə müqavimət göstərir deyə hərbi təzyiq şəklində cavab alır"


“Strateji müttəfiqimiz Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir”. 

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan televiziyada çıxışı zamanı bildirib.

Ermənistan hakimiyyəti ilk dəfə yüksək səviyyədə belə bir etirafla çıxış edib. 

A. Qriqoryan deyib ki, sentyabrda Azərbaycanla Ermənistan arasında baş verən qarşıdurma, eləcə də Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqi çərçivəsində həyata keçirilib. Qriqoryanın fikrincə, Ermənistan-Rusiya münasibətlərində son vaxtlar açıq şəkildə müşahidə edilən böhranın səbəbi məhz budur:

“Ermənistan ərazisindən keçən qondarma dəhliz məntiqi ilə hansısa yolun əldə edilməsi planı Azərbaycana verilən dəstəyin, belə demək mümkündürsə, açıq nümayişidir. Ermənistan buna müqavimət göstərməkdə davam edir. Yeri gəlmişkən, açıq şəkildə deyə bilərəm ki, sentyabrın 13-dəki eskalasiya da bununla bağlıdır və əsasən bütün böhranın əsası və ya motivi budur” - Qriqoryan bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi də ilk dəfə olaraq Rusiyanın Ermənistanı ittifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı məlumatları təsdiqləyib. Qriqoryan deyib ki, Ermənistan strateji müttəfiqinin bu istəyinə müqavimət göstərir və hərbi təzyiq şəklində cavab alır. 

Təhlükəsizlik Şurasının katibi Konstitusiyaya görə Ermənistanın suveren dövlət olduğunu və belə də qalacağını, suverenliyin qorunmasının hazırkı Ermənistan hökumətinin missiyası olduğunu vurğulayıb:

“İttifaq dövlətinə gəlincə, təbii ki, Ermənistana təzyiqlər də buradan gəlir. Erməni demokratiyası və demokratik sistemi nə vaxt buna müqavimət göstərsə, hərbi güc formasında başqa cür təzyiqlərə məruz qalır” – Armen Qriqoryan bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun