Taleh Bağırzadə ona qarşı psixoloji işgəncələrin dayandırılması üçün aclığa başlayıb

Taleh Bağırzadə ona qarşı psixoloji işgəncələrin dayandırılması üçün aclığa başlayıb
27 Noyabr 2022
Mətni dəyiş

İlahiyyatçı bildirib ki, ona DTX-nın tapşırığı ilə psixoloji zorakılıq göstərilir

Müsəlman Birliyi Hərəkatınının (MBH) sədri Taleh Bağırzadənin cəzaçəkmə müəssisəsində psixoloji zorakılığa məruz qaldığı bildirilir.

T. Bağırzadənin xanımı Leyla İsmayılzadə AbzasMedia-ya deyib ki, yoldaşı psixoloji zorakılığa etiraz olaraq aclıq aksiyasına başlayıb:

“Taleh Bağırzadə Qobustan qapalı həbsxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Burada rəis müavini onu və ailə üzvlərini təhqir edib deyib ki, səni yenidən Qobustana qaytaracağıq. Heç bir səbəb olmadan onu bu yolla təxribata çəkmək istəyiblər. Taleh Bağırzadə də psixoloji zorakılıqların dayandırılması tələbilə aclıq aksiyasına başlayıb. Taleh Bağırzadə dedi ki, bu işdə Pentensiar Xidmətin rolu yoxdur, birbaşa DTX-nin əli var” – Leyla İsmayılzadə bildirib.

Pentensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AbzasMedia-ya bildirib ki, cəzaçəkmə müəssisələrində heç bir məhkum psixoloji işgəncələrə məruz qalmır və Taleh Bağırzadə ilə bağlı iddialar da həqiqətə uyğun deyil.

T. Bağırzadənin ittihamları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindən cavab almaq mümkün olmayıb.

İlahiyyatçı T. Bağırzadə 2015-ci ilin noyabrında polisin Nardaran kəndində keçirdiyi əməliyyat zaman həbs olunub.

“Nardaran hadisələri” kimi tanınan əməliyyat zamanı ikisi polis olmaqla 7 nəfər həlak olub.  T. Bağırzadə ilə bərabər 16 nəfər də həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırzadə və Abbas Hüseynova 20 il həbs cəzası verilib. Digər şəxslər isə 14 ildən -17 ilə kimi həbs olunublar. 

Taleh Bağırzadə Konstitusiya quruluşunun zorla dəyişdirilməsində ittiham edilib. O, həbsini qanunsuz hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun