Süleyman Soylu: “ABŞ səfirliyinin başsağlığını qəbul etmirik, rədd edirik”

Süleyman Soylu: “ABŞ səfirliyinin başsağlığını qəbul etmirik, rədd edirik”
14 Noyabr 2022
Mətni dəyiş

Nazir bildirib ki, "terror təşkilatlarını maliyyələşdirən" ABŞ ilə müttəfiqlik şübhə altındadır

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulun İstiqlal küçəsində baş verən partlayışdan sonra mətbuata açıqlama verib.

Soylu bildirib ki, ABŞ səfirliyinin başsağlığını qəbul etmirlər:

“Bizə verilən mesajı aldıq və mesajın nə olduğunu bilirik. Yenidən təkrarlayıram, ABŞ səfirliyinin başsağlığı diləklərini qəbul etmirik, rədd edirik. Kobanini, terror bölgələrini maliyyələşdirən, oradan Türkiyədə sabitliyi pozmağa çalışan bu ideologiyaya öz senatorları vasitəsilə maliyyə göndərən bir dövlətlə müttəfiqliyimiz şübhə altına alınmalıdır. Bu qədər açıqdır. Biz heç kimlə düşmən deyilik. Heç kimin torpağında gözümüz yoxdur. Heç kimə xəyanət etmirik. Amma bizə edilən xəyanətlərə dözəcək gücümüzün qalmadığını da bildirmək istəyirəm". 

Nazir bildirib ki, əməliyyatlar davam edir, terror hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb:

"Onları saxlamasaydıq, bu gün Yunanıstana qaçırılacaqdılar. Ona görə də necə və nə şəkildə koordinasiya edildiklərini, haradan hərəkətə keçdiklərini bildiyimiz bir terror təşkilatı ilə üz-üzəyik. PYD-ni orada kim bəsləyirsə, PKK-ya kim daxili kəşfiyyat məlumatları ötürürsə, bu terrorun təşkilatçısı da odur” - S.Soylu bildirib. 

Nazir əlavə edib ki, terror hadisəsindən sonra keçirilən texniki dinləmədə terror təşkilatının təlimatı terrorçunu öldürmək və ya kanala atmaqla izi itirmək olub. O, qeyd edib ki, aldıqları mesaja bundan daha güclü cavab veriləcək. 

Ötən gün Türkiyənin İstanbul şəhərində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. 

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, partlayışdan sonra keçirilən əməliyyatlar nəticəsində 46 nəfər saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun