Səməd Seyidov: “Rusiya dəhlizin açılmasını istəyir, ancaq o da birsifətli deyil”

Səməd Seyidov: “Rusiya dəhlizin açılmasını istəyir, ancaq o da birsifətli deyil”
9 Noyabr 2022
Mətni dəyiş

“İran istəyərdi ki, həmin bu dəhliz İrandan keçsin və Türkiyə-Azərbaycan yaxınlaşmasına öz vasitələri ilə nəzarət etsin”

Noyabrın 8-də Şuşada hərbçilərin qarşısında çıxış edən prezident İlham Əliyev deyib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir və icra etməlidir. Prezident bildirib ki, 10 noyabr razılaşmasından 2 il keçsə də, bu istiqamətdə heç bir addım atılmayıb.

Bəs 10 noyabrda imzalanan razılaşmanın Naxçıvanla əlaqələrin qurulması ilə bağlı hissəsinin hələ də reallaşmamasına səbəb nədir?

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyir ki, Ermənistan danışıqlarda vahid mövqe nümayiş etdirmir:

“Dəhliz Azərbaycan-Rusiya və Türkiyə əlaqələrini daha açıq, çevik təmin etdiyi üçün bəzi Qərb dairələri də bundan narahatlıq keçirirlər. Dəhlizin İrana da xeyir verə biləcəyinə baxmayaraq, İran da bundan narahatdır. Çünki İran istəyərdi ki, həmin bu dəhliz İrandan keçsin və Türkiyə-Azərbaycan yaxınlaşmasına öz vasitələri ilə nəzarət etsin. Birbaşa Ermənistanın üzərindən keçən dəhliz İran üçün o qədər də əhəmiyyətli görünmür. Buna görə də İran həmin dəhlizin açılmasına maraqlı deyil və bunu da açıq şəkildə müxtəlif provakasiyalarla, təlimlərlə, hədə-qorxu ilə bildirir” – S. Seyidov bildirib.

Səməd Seyidov deyib ki, Azərbaycan, Türkiyə, Rusiya bu dəhlizin açılmasında maraqlıdır.

Onun sözlərinə görə, Rusiyada elə qüvvələr var ki, açıq şəkildə bu dəhlizin açılmasına qarşı çıxış ediblər və Azərbaycan-Türkiyə münasibətlərinin bu dəhliz vasitəsilə daha da yaxınlaşmasının əleyhinədirlər.

“Rusiya dəhlizin açılmasını istəyir, ancaq o da birsifətli deyil. Ona görə də mənzərə ikirəngli deyil, çoxşaxəlidir və ahəngdardır” – deyə o əlavə edib.

Seyidov qeyd edib ki, Azərbaycan hələ 10 noyabr bəyanatı imzalananda Naxçıvanla arasında əlaqənin yaradılmasında israrlı idi və bu bəndi də ora saldırdı:

“İndi Ermənistan deyir ki, biz əlaqənin qurulmasına etiraz etmirik, ancaq orada dəhliz sözü yazılmayıb və bu əlaqə yolu bizim nəzarətimiz altında olacaq. Lap yaxşı, bəs onda sual olunur, niyə Azərbaycan ermənilərin Ermənistandan Qarabağa getməsini Laçın dəhlizi vasitəsilə sərbəst şəkildə təmin edir? Onlar hansı formada Qarabağa gedirlərsə, mən də həmin formada Naxçıvana getməliyəm. Ona görə də, əlaqə həm dəhlizi, həm dəmir yolunu, həm də sadə yolu nəzərdə tutur. Sözün üstündən söz çıxartmaq heç kimə xeyir gətirməz, xüsusilə də Ermənistana”.

Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan Azərbaycan prezidentinin bəyanatlarına cavab verərək bildirib ki, Ermənistan dəhlizlə bağlı heç bir öhdəlik götürməyib.

Ağacanyan bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yalnız bir dəhliz qeyd olunub, bu da Laçın dəhlizidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun