Polislə bağlı ironiyalı status yazdığına görə kuryerin saxlanıldığı bildirilir

Polislə bağlı ironiyalı status yazdığına görə kuryerin saxlanıldığı bildirilir
11 Noyabr 2022
Mətni dəyiş

DİN sözçüsü: “Dəfələrlə polisə dəvət edilib, getmədiyi üçün polis onun evinə gedib və o artıq-əskik danışıb”

İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının kuryer üzvü Orxan Zeynallını noyabrın 11-də polislər saxlayıb.

Bu barədə məlumatı “Demokratiya 18” Hərəkatı yayıb.

Hərəkatın sədri Əhməd Məmmədli AbzasMedia-ya bildirib ki, Orxan Zeynallı bir müddət əvvəl velosipedinin oğurlanması ilə bağlı polisə müraciət edib.

Onun sözlərinə görə, polis orqanlarında ondan rüşvət istəyiblər.

“Polis orqanlarından onunla əlaqə saxlayıb, velosipedin tapılması üçün onun dəyərinin yarısı qədər rüşvət istəyiblər. Daha sonra, biləndə ki, bu adam bizim hərəkatın işçi masasının üzvüdür, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev onunla danışıb və bildirib ki, məsələ həll olunacaq. Belə vəd verib, onun yazdığı etiraz statusunu sildiriblər. Üstündən bir ay keçib, adam ironiya ilə status yazıb, bunu tənqid edib. Zəng edib yenidən Bakı Şəhər Baş Polis İdarəsinə çağırıblar. Orxan Zeynallı bildirib ki, rəsmi bildiriş göndərin, gələrəm. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsindən zəng edib dəvət ediblər, Orxan Zeynallı yenidən rəsmi bildiriş istəyib. O, bizimlə əlaqə saxlayıb bildirdi ki, təhlükəsizliyi ilə bağlı narahatdır, dedik ki, gözlə, sabah birlikdə Bakı Şəhər Baş Polis İdarəsinə gedərik. Ancaq polislər dözməyiblər. Gəlib evlərinin işığını söndürüblər, Orxan Zeynallı da işığa baxmaq üçün qapıya çıxanda 5-6 mülkigeyimli şəxs onu yoldaşının önündə zorla özləri ilə aparıblar” – deyə Əhməd Məmmədli bildirib.

Hərəkat sədri qeyd edib ki, Orxan Zeynallının saxlanılması onun ictimai-siyasi fəaliyyətilə əlaqəlidir.

Onun sözlərinə görə, Orxan Zeynallı kuryer məsələsində öndə olan simalardan biridir.

“Adamı “Bandotdel”də saxlamaqla həm onu zərərsizləşdirmək istəyirlər, həm də bizim bu işçi təşkilatlanmasına “göz dağı” vermək istəyirlər. Görüntü verirlər ki, təşkilatlanmanın qarşısını bu formada alırıq” – deyə Əhməd Məmmədli bildirib.

Daxili İşlər Nazirliyi də Orxan Zeynallının saxlanılmasını təsdiqləyib.

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev AbzasMedia-ya bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Orxan Zeynallı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində deyil, paytaxtın polis orqanlarından birində saxlanılır. Dəfələrlə polisə dəvət edilib, getmədiyi üçün polis onun evinə gedib və o artıq-əskik danışıb. Dəvət edib, aparıblar. Hazırda ittiham irəli sürülməyib, araşdırmalar gedir” – deyə o, bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun