“Növbəti cinayətə imza ataraq atamın dəfnində iştirak etməyimə imkan vermirlər”

“Növbəti cinayətə imza ataraq atamın dəfnində iştirak etməyimə imkan vermirlər”
16 Noyabr 2022
Mətni dəyiş

Tofiq Yaqublunun ölkədən çıxışına qoyulan qadağa götürülmədi


Bu gün Suraxanı Rayon Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsilə bağlı müraciətinə baxılıb. 

Noyabrın 16-da işə baxan hakim Anar İbrahimov Tofiq Yaqublunun müraciətini təmin etməyib. 

Oktyabrın 30-da Tofiq Yaqublunun atası Rəşid Yaqublu vəfat edib. O, atasının hüzr mərasiminə qatılmaq üçün ölkədən çıxışına qoyulan qadağanın götürülməsini məhkəmədən istəyib: 

“Mən heç bir cinayət törətməmişəm. Cinayəti başda İlham Əliyev olmaqla, hakimiyyət törədir. 2020-ci ildə uydurulan hadisə onların düzüb-qoşduqları bir oyun idi. Mənə qarşı cinayət edilib. Üstəlik növbəti cinayətə imza ataraq atamın dəfnində iştirak etməyimə imkan vermirlər”- AbzasMedia-ya danışan müxalif siyasətçi bildirib. 

Tofiq Yaqublunun vəkili Aqil Layıc bildirib ki, qərardan apelyasiya şikayəti verəcəklər, amma heç bir müsbət gözləntisi yoxdur: 

“Qərar əlbəttə ki, siyasidir. Bu, hüquq məsələsi deyil, mənəvi, əxlaqi məsələdir. Qərar təkcə ədalətsiz deyil, həm də əxlaq qaydalarına ziddir”. 

Tofiq Yaqublu 2021-ci ilin iyulunda da Gürcüstanda yaşayan anasının vəziyyəti ağır olanda ölkədən çıxışına qadağanın müvəqqəti də olsa, aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdi. Ancaq Suraxanı Rayon Məhkəməsi yenə hakim Anar İbrahimovun sədrliyi ilə onun ərizəsinə rədd cavabı vermişdi. Bakı Apelyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

Tofiq Yaqublu 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. 

Nizami Rayon Məhkəməsi 2020-ci il sentyabrın 3-də bu ittihamla Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. İyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu özünü təqsirli bilməyib, kimsəyə xəsarət yetirmədiyini, bu hadisənin siyasi sifariş olduğunu qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun