“Ən yüksək qida inflyasiyası Azərbaycanda qeydə alınıb”

“Ən yüksək qida inflyasiyası Azərbaycanda qeydə alınıb”
14 Noyabr 2022
Mətni dəyiş

Azərbaycanda qida inflyasiyası 22.5 faiz olduğu halda, eyni göstərici Gürcüstanda 17.6 faiz, Ermənistanda isə cəmi 13.7 faiz olub.

Bu ilin ilk 9 ayı ərzində Cənubi Qafqaz regionunda ən yüksək inflyasiya həddi Azərbaycanda qeyd alınıb.

Azərbaycan, Gürcüstan və Ermənistan rəsmi qurumlarının məlumatlarına əsasən, bu ilin ilk 9 ayının sonuna olan göstəriciyə görə, Azərbaycanda qida inflyasiyası 22.5 faiz olduğu halda, eyni göstərici Gürcüstanda 17.6 faiz, Ermənistanda isə cəmi 13.7 faiz olub.

Azərbaycan rəsmiləri ölkədəki infilyasiya yüksəlişini əsasən dünyadakı qiymət artımı ilə əsaslandırırlar. Ancaq xarici təsirlərin niyə Gürcüstan və Ermənistan bazarları ilə müqayisədə Azərbaycan bazarlarında daha çox hiss olunması sual yaradır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev deyir ki, inflyasiyanın bu metodika ilə müqayisə edilməsi yanlışdır.

Onun sözlərinə görə, Azərbaycanda həyat tərzi, alıcılıq qabiliyyəti Gürcüstandan və Ermənistandan qat-qat yüksəkdir:

‘İnflyasiyanı müqayisə etmək istəyirsizsə, gəlin biz İrana, Türkiyəyə baxaq. Türkiyədə inflyasiya 85 faizdir, amma siz deyə bilərsinizmi ki, bu inflyasiya Türkiyədə insanların həyat tərzinə nə qədər təsir edir? Avropada ən varlı ölkə İsveçrədir. İsveçrədə həyat tərzi və qiymətlər yüksəkdir, ancaq insanlar alış-veriş üçün Almaniyaya, İtaliyaya, Fransaya gedir. Nəyə görə? Çünki o ölkələrdə qiymətlər ucuzdur”.

Rüfət Quliyev deyir ki, insanların maaşları artdıqca inflyasiya da artır:

“İllərdir Azərbaycanda insanların təqaüdləri, maaşları, ümumilikdə aylıq gəlirləri artır. Təbiidir ki, bu gəlirlər artdıqca, inflyasiyanı da "xodlayır". Bu məqam da var”.

İqtisadçı ekspert Fərid Mehralızadə isə deyir ki, inflyasiya həddinin yüksək olması həm də inzibati amillərlə bağlıdır.

Onun sözlərinə görə, beynəlxalq hesabatlara görə, regionda ən yüksək orta gömrük rüsumu Azərbaycandadır:

“Ümumdünya Ticarət Təşkilatının hesabatına görə, ən çox orta gömrük rüsumları Azərbaycandadır. Bizdə 8.5 faizdir, Ermənistanda 6.3, Gürcüstanda 1.4. Hələ Gürcüstanda bütün məhsulların 90 faizi gömrük rüsumlarından azaddır. Azərbaycanda rəsmi rüsum 8.5 faizdir, amma kənd təsərrüfatı məhsullarına daha çox rüsum qoyulur".

İqtisadçı deyir ki, burada qeyri-rəsmi ödənişlərin də təsirləri var.

Onun sözlərinə görə, digər bir səbəb də Azərbaycanda idxalın yüksək olmasıdır.

“Biz ərzaq məhsullarını daha çox idxal edirik. Görünür Gürcüstanda və Ermənistanda daxili mənbələr hesabına təminat yüksək olduğu üçün inflyasiya onlara daha az təsir edir. Hələlik əsasən o iki amili qeyd etmək olar ki, həm rəsmi ödənişlər yüksəkdir, həm də qeyri-rəsmi ödənişlər də var ki, bu da sonda məhsulun maya dəyərinə təsir edir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun