Milyarder Fərhad Əhmədov polkovnik Babək Səmidlinin səs yazısına görə dindirilib

Milyarder Fərhad Əhmədov polkovnik Babək Səmidlinin səs yazısına görə dindirilib
23 Noyabr 2022
Mətni dəyiş

F. Əhmədovun köməkçisi: "Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın"

İş adamı Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova Manset.az-a bildirib ki, milyarder mərhum polkovnik Babək Səmidlinin ordudakı qanunsuzluqlarla bağlı yayılmış səs yazısı ilə əlaqəli dindirilib. O, DTX-da dindirilən iş adamının əslində səs yazısını yaymadığını deyib: 

“Səs yazısındakı şəxsin Fərhad Əhmədov olduğu doğrudur. Bunu bütün internet bilir. Amma onu yayanlar digər adamlardır. Nə məqsədlə yayıblarsa, onu da DTX araşdırıb tapmalıdır. Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın. O başa düşürdü ki, müharibədir, hər an hər şey ola bilər.  İstəyirdi ki, səsi yazılsın və sonra onun ailəsinə verilsin. Müharibə ilə bağlı bir sıra düzgün məlumatlar yazılsın və lazım olarsa, sonra Prezidentə çatdırılsın” – F. Əhmədovun köməkçisi deyib. 
Ruhəngiz Seyidova hazırda səs yazısının necə yayıldığının araşdırıldığını deyib. O, Fərhad Əhmədovun Rusiyaya casusluqda ittiham edilməsi ilə bağlı iddialara da münasibət bildirib: 

“Fərhad müəllimi "Rusiya casusu" adlandıran adam şəxsən özü casusdur, bunu deyə bilərəm. Göyçaydan aralanmayan bir adam casus ola bilərmi? 44 günlük müharibə zamanı mən onun köməkçisi kimi orduya yardım göndərilməsi barədə ondan o qədər tapşırıqlar alırdım. Babək Səmidlinin Fərhad müəllimi Suqovuşana dəvət etməsinin səbəbi təşəkkürlə bağlı olub ki, buyurun, gəlin baxın, nələr baş verir, erməniləri necə əzirik. Münasibətləri də 44 günlük müharibədən başlayıb”. 

Fərhad Əhmədov Göyçay rayonunda yerləşən “Aznar” meyvə şirəsi zavodunun sahibidir. İş adamı 2022-ci il üçün "Forbes"-də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya tətbiq etdiyi rusiyalı zənginlərin siyahısında yer alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun