Gültəkin Hacıbəyliyə "böhtan atma" maddəsi ilə cinayət işi açılıb

Gültəkin Hacıbəyliyə "böhtan atma" maddəsi ilə cinayət işi açılıb
30 Noyabr 2022
Mətni dəyiş

Şikayətçi: "Mənə "separatist" deyən hər kəsi məhkəməyə verəcəm"

Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli noyabrın 30-da xaricdən Azərbaycana gəlib passport yoxlanışından keçəndə Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Onun sözlərinə görə, niyə saxlanılmağı ilə bağlı əvvəlcə ona heç bir məlumat verməyiblər:

“Mən işin mahiyyətini səhər saat 9-10 radələrində Nəsimi Rayon 21-ci Polis Bölməsindən Nəsimi Rayon Məhkəməsinə gedərkən öyrənmişəm. Yəni, 5 saatdan artıq müddətdə nə üçün saxlanılmağımla bağlı ümumiyyətlə məlumat verilməyib”.

Gültəkin Hacıbəyli deyir ki, ona qarşı Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cinayət işi açılıb:

“Leyla Arif adlı sosial şəbəkə istifadəçisi məndən xüsusi ittiham qaydasında şikayət edib. Bu xanım davamlı olaraq türk millətini aşağılayır, təhqir edir, Əlikram Hümbətovu təbliğ edir, milli müxalifəti, Əbülfəz Elçibəyi "faşist" adlandırır, Azərbaycandakı xalqlar arasında ayrıseçkilik salır, yəni, belə bir insandır. Artıq mənim rəy yazdığım status da silinib, məni olmayan bir şeyə görə ittiham edirlər”.

Siyasətçi deyir ki, cinayət işi 27 oktyabrda açılsa da, ona bununla bağlı məlumat verməyiblər. O, barəsində açılan cinayət işinin siyasi sifariş olduğunu deyir:

“Mənə məlumat vermədən bu cinayət işini xüsusi ittiham qaydasında icraata qəbul etmək üçün mənim yerimə vəkil tutublar, işi icraata götürüblər. Hakim Elməddin Hüseynovdan soruşdum ki, siz niyə Dövlət Sərhəd Xidmətinə sorğu verib mənim ölkədə olub-olmamağımı soruşmurdunuz? Hakim dedi ki, sorğunu işi icraata götürəndən sonra göndərdik. Yəni, bunu hakim etiraf edir. Sən mənim xaricdə olduğumu öyrənən kimi, saxlanılma ilə bağlı qərarı ləğv etməli idin. Sən məni dinləmədən, işi əsassız şəkildə icraata qəbul etmisən. Bu siyasi sifarişdən başqa bir şey deyil. Görünür, hökumət müxalif fəallara qarşı ağır cinayət işlərinin altına girə bilmir, ona görə də bu formada, ayrı-ayrı şəxslərin arxasında gizlənib bunu xüsusi ittiham kimi cəmiyyətə təqdim edir. Amma bizim qarşımızda duran ayrı-ayrı şəxslər deyil, bizim qarşımızda duran hökumətdir”.

G. Hacıbəyli barəsində şikayət verən Leyla Arif ilə əlaqə saxlamaq mümkün olmayıb. Amma L. Arif Facebook hesabında Gültəkin Hacıbəyli ilə bağlı verdiyi şikayəti bu cür əsaslandırıb:

 "Bu ölkədə Gültəkin Hacıbəylini məhkəməyə verirəm , deyirlər, "dövlətin agentisən", müxalifətin fəallarını dəstəkləyirəm deyirlər, "5-ci kolonsan", talış kimliyimi müdafiə edirəm, deyirlər "separatçı", "İran agentisən". Əlbəttə, mənə "separatist" deyən hər kəsi məhkəməyə verəcəm, bundan sonra ancaq belə olacaq. Siz "talış" sözü üçün "separatist" sözünü sinonim olaraq istifadə edə bilmərsiz. Əlikram Hümbətovdan intervyu götürmüşəm deyə mənə "separatist" deyən adamı bir daha məhkəməyə verəcəm"- Leyla Arif yazdığı statusda qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun