Gömrük İdarəsində milyonlarla manat büdcədən gizlədilib

Gömrük İdarəsində milyonlarla manat büdcədən gizlədilib
23 Noyabr 2022
Mətni dəyiş

Hesablama Palatası yoxlamaların nəticələrini açıqlayıb

Hesablama Palatası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində inzibatçılığın təşkili vəziyyətinin auditinin nəticələrinə dair hesabat yayıb.

Araşdırmalar son bir illik dövrü əhatə edib.

Yoxlamalar nəticəsində bir sıra pozuntular aşkarlanıb.

Məlum olub ki, sahibkarlara gömrük qaydalarını pozmağa görə 47 min  330 manat rəsmi cərimə yazılsa da, bunun üçün ödənilmiş məbləğ 65 min 238 manat olub. Bu o deməkdir ki, rəsmi cərimədən 17 min 908 manat çox pul yığılıb.

Bundan başqa, gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə Nazirlər Kabineti 30 manat təyin etsə də, 5300-dən çox idxal bəyannaməsi üçün 35,4 manat vəsait alınıb ki, bu da ümumilikdə 187 min manat qanunsuz gəlir hesab olunub.

“Azərbaycan Dəmir Yolları” QSC idxal əməliyyatı zamanı gömrük bəyannamələrini gecikdirilməklə təqdim etsə də, 2 milyon 185 min manat dəyərində tətbiq edilməli olan dəbbə pulu hesablanmayıb və ödənilməsi təmin edilməyib.

Bununla bərabər, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC də idxal əməliyyatı zamanı gömrük bəyannamələrini gecikdirilməklə təqdim etsə də,  88 min manat dəbbə pulu hesablanmayıb və ödənilməsi təmin edilməyib.

Bununla bərabər, qanunvericiliklə yol verilmədiyi halda ixracatçılardan ƏDV-nin tətbiq edilməsi adı ilə ümumilikdə 586 min manat  vəsait tutub.

İdarə idxal üzrə tutulmuş gömrük ödənişlərinə görə 52.8 milyon manatı gizlətməyə çalışıb:

"01.01.2022-ci il tarixinə 52.8 milyon manat məbləğində (o cümlədən, gömrük yığımları üzrə 187000,32 manat məbləğində) vəsait Dövlət Xəzinədarlığının "Fond 7" adlı müvafiq hesabında qalıqda saxlanılaraq, dövlət büdcəsinin xəzinə hesabına köçürülməmişdir"- hesabatda qeyd olunub.

İdarə hesabatlarında 2021-ci il üçün ilin əvvəlindəki proqnozla müqayisədə 11.5 faiz çox vəsait yığdıqlarını qeyd edib. Amma audit zamanı məlum olub ki, idarə proqnozlaşdırılandan 11.5 faiz deyil, 45.3 faiz artıq vəsait yığıb. 47.5 milyon manat isə xəzinəyə köçürülməyib.

Bundan başqa, bəzi sahibkarlardan hüquqi əsas olmadan mallarına ƏDV tətbiqi adı altında 628.7 min manat pul alınıb, sonra o pul ayrıca fəaliyyət göstərən "Azərterminalkompleks" Birliyinə köçürülüb və  xəzinə nəzarətindən kənar xərclənməsinə şərait yaradılıb.

2021-ci il ərzində 59 ixracatçı şəxsdən  qanunsuz olaraq ƏDV tətbiq edilməsi ilə 104 min manat vəsait alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun