Gələn ildən təhsil müəssisələrində "Heydər Əliyev dərsləri" keçiləcək

Gələn ildən təhsil müəssisələrində "Heydər Əliyev dərsləri" keçiləcək
28 Noyabr 2022
Mətni dəyiş

Təhsil eksperti Nabatəli Qulamoğlu: "Prezidentin belə hüququ yoxdur ki, hansısa təhsil müəssisəsinə göstəriş versin ki, bu işi belə edin"

Prezident İlham Əliyev 28 noyabrda “2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.

18 bəndlik Tədbirlər Planında gələn il təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi də yer alıb.

Təhsil eksperti Nabatəli Qulamoğlu deyir ki, təhsil müəssisələrində siyasi təbliğat qanunla qadağandır.

Onun sözlərinə görə, bu cür təbliğatlar gənclərdə şəxsiyyətə pərəstişlik yarada bilər:

“İstər Heydər Əliyev olsun, istər Əbüfəz Elçibəy, istərsə də Ayaz Mütəllibov, məncə, bunların həyatından azı 200 il keçməlidir ki, insanlar düzgün qiymətləndirmə apara bilsinlər. Heç bir ölkədə belə şey yoxdur ki, ən azı iki əsr keçməmiş tarixi şəxsiyyətin rolunu qiymətləndirəsən. Dediyim kimi, qanuna görə təhsil müəssisələri siyasətdən uzaqdır və prezidentin belə hüququ yoxdur ki, hansısa təhsil müəssisəsinə göstəriş versin ki, bu işi belə edin. Ola bilər ki, vətəndaş kimi təklif versin, ancaq qərarlar müzakirədən sonra kollegial qaydada qəbul olunmalıdır” – deyə Nabatəli Qulamoğlu bildirib.

Tədbirlər Planında göstərilib ki, ali təhsildə yüksək göstəriciləri olan tələbələrə "Heydər Əliyev təqaüdü” veriləcək və həftəsonu məktəblərində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun