"Azərbaycan ərazilərinə silah və texnika daşınırsa, bu, ordumuza qarşı yönəlib"

"Azərbaycan ərazilərinə silah və texnika daşınırsa, bu, ordumuza qarşı yönəlib"
24 Noyabr 2022
Mətni dəyiş

DTX rəsmisi açıqlayıb ki, Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır

Noyabrın 23-də keçirilən konfransda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski bildirib ki, Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır.

DTX rəisinin müavini məsələ ilə bağlı əlavə məlumatlar verməyib.

 Bəs görəsən, Qarabağda yenidən hərbi qarşıdurma ola bilərmi?

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, erməni silahlı birləşmələri Rusiya sülhməramlılarının dəstəyi ilə qisas almağa və Azərbaycana qarşı təxribat törətməyə hazırlaşırlar:
“Qarabağa daşınan erməni texnikalarının sayı ilə bağlı hələlik dəqiq məlumatım yoxdur. Markaları ilə bağlı da məlumatlar əldə etməyə çalışıram. Bu barədə dəqiq məlumatalr olmadığı üçün gələcək təxribatların miqyasını proqnozlaşdırmaq mümkün deyil. Amma istənilən halda Azərbaycan ərazilərinə silah və texnika daşınırsa, bu, birmənalı olaraq Azərbaycan ordusunun şəxsi heyətinə qarşı yönəlib və həmin təhdidlərin aradan qaldırılması vacibdir” – deyə hərbi ekspert Ədalət Verdiyev bildirib.

Politoloq Azər Qasımlı deyir ki, DTX-nın yaydığı məlumatın həqiqətə nə qədər uyğun olub-olmadığını demək onun üçün çətindir.

 Onun sözlərinə görə, əgər belə bir fakt varsa, bu faktı ortaya qoymalıdırlar və buna uyğun qərar verməlidirlər:

“Rusiyaya nota versinlər, prezident çıxıb desin ki, baxın, biz 10 noyabr bəyanatını imzalamışıq, ancaq Rusiya bu bəyanata uyğun davranmır. Amma İlham Əliyev bunu demir axı. İlham Əliyev çıxıb deyir ki, Rusiya ilə normal münasibətimiz var, Birləşmiş Millətlər Təşkilatının (BMT) səsvermələrində Rusiyanın əleyhinə səs verməmək üçün iştirak etmir, Moskvaya gedib çıxış edir ki, hər şey yaxşıdır və əlavə sənədlər imzalayır. Çıxıb demir ki, 10 noyabr sənədi pozulur və buna uyğun addımlar atacağıq” – deyə Azər Qasımlı bildirib.
Siyasətçi hesab edir ki, Ermənistan tərəfdən Qarabağa hərbi texnika yığılmasının heç bir perspektivi yoxdur.

Onun sözlərinə görə, əgər müharibə başlasa, Azərbaycan Ermənistanla Qarabağda yaşayan erməniləri birləşdirən Laçın dəhlizini istənilən vaxt bağlaya bilər:

“Bütün strateji yüksəkliklər də Azərbaycanın nəzarəti altındadır. Bununla bərabər, hətta ora nə silahlar danşınsa belə, Azərbaycanın əlində olan silahlar, canlı qüvvə  qat-qat çoxdur və dörd tərəfdən mühasirə var. Yəni, onlar o silahları yığıb nə edəcəklər? Heç bir perspektiv görmürəm. Hücuma keçəcəklərsə, öləcəklər. Çünki bütün strateji yüksəkliklər Azərbaycan ordusunun nəzarəti altındadır” – deyə siyasətçi Azər Qasımlı bildirib.

2020-ci ilin 10 noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı bəyanatın 3-cü maddəsində qeyd olunub ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriliəcək.

5-ci maddədə isə qeyd olunur ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Ancaq sənəddə bəyanatdakı şərtlərin dəyişdirilməsi mexanizmi ilə bağlı heç bir müddəa yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun