Araşdırma: Heydər Əliyev Fondunun Şuşanın “satınalma”sındakı rolu

Araşdırma: Heydər Əliyev Fondunun Şuşanın “satınalma”sındakı rolu Foto: president.az
14 Noyabr 2022
Mətni dəyiş

Şuşa işğaldan azad olunandan sonra festivalların, konsertlərin ev sahibinə çevrilib. Bu tədbirlərə ölkə başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və digər rəsmi şəxslər qatılır. Bəs bu çal-çağırın, müsabiqələrin təşkilatçıları və icraçıları kimlərdir?

Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla 2022-ci il “Şuşa ili” elan olunub. Bununla bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planında Heydər Əliyev Fondunun adına dövlət orqanları ilə eyni sırada rast gəlirik. 

Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Fond qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. 18 ildir fondun prezidenti Mehriban Əliyevadır.

Sənəddə Fondun Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə bərabər bir sıra mədəniyyət tədbirlərinin təşkilində icraçı olaraq iştirakı qeyd edilir. Tədbirlərin siyahısında- “Xarıbülbül”, “Vaqif Poeziya Günləri”, “Şuşanın 4 fəsli”, “Şuşa-2022” kimi beynəlxalq festivalların və “Televiziya Muğam Müsabiqəsi-2022”nin final mərhələsinin Şuşa şəhərində təşkili yer alıb. 

Tədbirlərin düzənlənməsində maliyyə mənbəyi olaraq “dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr” göstərilir. Belə olan halda,  Heydər Əliyev Fondunun Şuşadakı fəaliyyəti dövlət büdcəsi hesabına başa gəlir? 

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, azad olunmuş rayonlar arasında Şuşa dövlət büdcəsindən ən çox vəsait alan ikinci rayondur. İqtisadçının sözlərinə görə, 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpa işlərinə ayrılan 2,2 milyard manatın 15,5 faizi və ya  285 milyon manatı Şuşa şəhərinə xərclənib. Həmin vəsaitlər müxtəlif beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin, mədəniyət, incəsənət təşəbbüslərinin icrasına, təmir-tikinti işlərinə yönəldilib.  Bu tədbirlərin bir çoxunda Heydər Əliyev Fondu yer alır:

“Azərbaycan dövlət büdcəsindən ayrılan vəsaitin Heydər Əliyev Fondu vasitəsilə reallaşdırılması praktikası çoxdan var. Sadəcə, ilk dəfə olaraq Nazirlər Kabinetinin qərarında biz bunu rəsmi şəkildə görürük. Bu onu göstərir ki, Heydər Əliyev Fondunun  maliyyəşmə mənbələrindən biri də dövlət büdcəsidir və adı dövlət orqanları ilə bir sırada qeyd olunub. Baxmayaraq ki bu, özəl, şəxsi və ictimai nəzarət üçün nəzərdə tutulmuş fonddur. Maliyyə mənbələri müxtəlif mənbələrdən formalaşa bilər. Amma dövlət qurumlarının çərçivəsində, icraçıların arasında onun yer alması yanlışdır”

Bəs, Heydər Əliyev Fondunun da icraçısı olduğu layihələrin sifarişlərini həyata keçirən şirkətlər hansılardır?

Dövlət satınalamalarının portalında "D Group" MMC-nin 2021-ci ildə  Şuşa şəhərində "8 noyabr Zəfər günü" adlı tədbirin keçirilməsi üçün  Mədəniyyət Nazirliyindən 200 min manatlıq sifariş aldığını görmək olur. 

MMC-nin direktor müavini Vaqif Dadaşov Türkiyə mediasına verdiyi müsahibədə şirkətin “Xarıbülbül” festivalını, Şuşa şəhərinin bəzədilməsini həyata keçirdiyini deyib. Bundan başqa, “Qarabağ” hotelinin reklam görüntüsü ilə “Əziz Şuşa” velo-turunun texniki təşkilatçılığı da şirkətə həvalə edilib.

Şirkət Hərbi Qənimətlər Parkında müxtəlif erməni avtomobil nömrələrindən yığılan “Qarabağ Azərbaycandır” stend lövhəsinin müəllifi olmaqla yanaşı, respublika əhəmiyyətli  “Eurovision” 2012, “Tur-de Azerbaijan”, “Formula-1”, Dünya Gimnastika Yarışının brendinqlərini həyata keçirib. Təəssüf ki, qeyd etdiyimiz iri layihələrin icrası ilə bağlı dövlət satınalamlarında "D Group" şirkətinin adına rast gəlinmir. 

Şirkət nümayəndələrinə Şuşada gördükləri işlərlə bağlı suallar versək də, onlar cavablandırmaqdan imtina ediblər: 

Bəs “D Group” MMC kimə məxsusdur?

Vergi reyestri məlumatlarına görə, “D Group” MMC 2010-cu il iyunun 11-də qeydiyyatdan keçib. Şirkətin təsisçisi Hüseyn Dadaşovdur. Dadaşovun adı "MİQ" Firmasının təsisçisi kimi qarşımıza çıxır.  Bundan əlavə, o, "REMARK GROUP" MMC-nin də sahibdir.

Hüseyn Dadaşov və onun ailə üzvlərinə aid Slovakiya, Çexiya reyestrlərində də bir sıra şirkətlər var. 

Çexiyada  qeydiyyatdan keçən “VL-MARK Ltd." şirkətinin hüququ ünvanında- (Růžová 947/8, 11000 Praha 19  -da  “Varidat International Inc. s.r.o.”) digər bir azərbaycanlı iş adamının şirkətinin adını görürük. Bu şirkətlər Azərbaycandakı "Varidat Consulting" Şirkətinin sahibi Nail Murad oğlu Şahverdiyevə məxsusdur. Nail Şahverdiyevin adı “MTN işi”ndə Eldar Mahmudova yaxın sahibkar olaraq çəkilir. 

Şuşada görülən mədəni tədbirlər sırasında “Safaroff CA” adlı digər bir şirkətə rast gəlmək olur. Bu şirkət Mədəniyyət Nazirliyinin sifarişi əsasında təqribən 80 min manata Bülbülün Şuşa şəhərindəki Ev-Muzeyinin ekspozisiyasının bədii-tərtibat işlərini həyata keçirib. Bundan başqa Heydər Əliyev Fondunun sifarişi ilə "Xarıbülbül” Beynəlxalq folklor festivalının vebsaytını  (xaribulbulfestival.az) hazırlayıb. 

“SAFAROFF CA" MMC, əslində, “Safaroff” Agentliyinin tərkibində olan şirkətlərdən biridir və 2004-cü ildən fəaliyyət göstərir.

Agentlik rəqəmsal platformada dövlət qurumlarının, təşkilatlarının proqram təminatını, videoreklamlarını,  vebsaytlarının yığılmasını həyata keçirən monopolist şirkətdir. Şirkətin saytındakı məlumatlara əsasən, Heydər Əliyev Fondunun, Paşa Bank Karyera Mərkəzinin, Dövlət Vergi Xidmətinin, Dövlət Neft Fondunun və sair bu kimi dövlət, özəl qurumların vebsaytını, mobil tətbiqini hazırlayıblar.

Araşdırma ilə bağlı meydana çıxan məsələlərlə bağlı, Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Fonduna, “SAFAROFF CA" şirkətinə ünvanladığımız sorğulara  cavab verilməyib. 

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, Qarabağda, o cümlədən, Şuşada həyata keçirilən layihələrdə hesabatlılıq, şəffaflıq yoxdur. Onun sözlərinə görə Heydər Əliyev Fondu Şuşada təşkil olunan tədbirlərdə hansı formada, maliyyələşdirmədə necə iştirak etməsilə bağlı heç bir məlumatı ictimailəşdirmir: "O ki qaldı Heydər Əliyev Fondunun statusuna, onların adı hüquqi cəhətdən qeyri-kommersiya təşkilatı, QHT olaraq keçir. Bununla bağlı qanunvercilikdə tənzimləyici çərçivə var. “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna görə, onlar kommersiya təşkilatı deyil. Qanunun 29-cu bəndinə görə onun gəlirləri, işçilərinin sayı, əməkhaqqı fondu və sair bu kimi məlumatlar  qorunan məlumatlar hesab edilə bilməz. Eyni zamanda  29-cu maddənin 3-cü bəndinə görə, bu qurumlar ildə bir dəfə öz maliyyə hesabatını dərc etməlidir. Amma təəssüf ki, rəsmi saytlarında və ya digər media qurumlarında Heydər Əliyev Fondunun gəlir mənbələri, xərc istiqamətləri, ayrı-ayrı layihələrin icrası ilə bağı sərf etdiyi vəsaitlə əlaqədar heç bir məlumata rast gəlmək olmur”.   

Şuşada mədəni tədbirlərin keçirilməsi üçün ayrılan vəsait açıqlanmır. Rəsmi şəxslərin qatıldığı bu tədbirlərdə isə vətəni sevməyi tərənnüm edən mahnılar səslənir.

 Araşdırma və vizualizasiya: AbzasMedia

Paylaş:

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun