Aksiyada saxlanılan Arif Hacılı sərbəst buraxılıb

Aksiyada saxlanılan Arif Hacılı sərbəst buraxılıb
15 Noyabr 2022
Mətni dəyiş

“Mesajlarımız cənublu soydaşlarımızın da, İran hökumətinin də diqqətinə çatdırılıb”

Noyabrın 15-də Müsavat partiyası İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin qarşısında aksiya keçirib.

Etirazçılar İranda keçirilən aksiyaların iştirakçılarına dəstək nümayiş etdirib və İranın Azərbaycanla bağlı siyasətinə etiraz ediblər.

Polis aksiyaya müdaxilə edib, Müsavat partiyasının başqanı Arif Hacılı və digər aksiya iştirakçıları saxlanılıb.

A. Hacılı AbzasMedia-ya bildirib ki, polislər onu yolun yarısında avtobusdan düşürüblər:

“Saxlanılmağımız zorakılıqla oldu. Hansı ki, dəvət də edə bilərdilər. Ancaq polislər bizim səfirliyə yaxınlaşmağımıza mane oldular. Bizim aparıldığımız polis avtobusunda olanları müəyyən müddətdən sonra şəhərin müxtəlif yerlərində bir-bir sərbəst buraxdılar. Digər saxlanılanların da sərbəst buraxılması ilə bağlı məlumat var, amma hələ ki, dəqiq rəqəm bilinmir”.

A. Hacılı deyib ki, aksiyanın məqsədi İranda baş verən hadisələrə, İranın Azərbaycana qarşı təhdidlərinə etirazı bildirmək olub və buna da nail olublar.

“Mesajlarımız cənublu soydaşlarımızın da, İran hökumətinin də diqqətinə çatdırılıb.  İran Səfirliyi gün ərzində yüzlərlə polisin mühafizəsində saxlanıldı və mühasirə hələ də davam edir. Bu da bizim İran Səfirliyinə olan mesajımızın onlara çatıdırılmasında müəyyən rol oynayacaq” – deyə partiya sədri bildirib.

Onun sözlərinə görə, polisin ciddi müqavimətinə, bloklar yaratmasına, yolları bağlamasına və pis hava şəraitinə baxmayaraq, ora Müsavat üzvləri və başqa fəallar toplaşa bilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun