Ailələr LGBTIQ+ övladı necə qəbul edir?

Ailələr LGBTIQ+ övladı necə qəbul edir?
19 Noyabr 2022
Mətni dəyiş

Hər il ölkədə təqib və təzyiqlərə, bəzən isə nifrət cinayətlərinə məruz qalan LGBTIQ+lar ailələrinə sığınmaq və dəstək görmək istəsələr də, çox zaman köməksiz qalırlar. Yaxınları ya onları qəbul etmir, ya da etinazsız yanaşırlar.

Bu cür yanaşmaya məruz qalanlardan biri feminist fəal Fərqanə Abdulladır. O, ailəsi ilə münasibətlərini bir-birinə dözmək kimi təsvir edir və deyir ki, evdə özünü yad hiss edir, ümumilikdə isə ikili həyat yaşayır:

“Onlar müəyyən qədər qəbul ediblər ki, məni dəyişdirmək mümkün deyil. Mən də onları qəbul etmişəm ki, yaşı altmışı keçmiş adamlardır. Çox az dəyişə bilərlər. Onları nə qədər dəyişdirə bilmişəmsə, dəyişmişəm”.

24 yaşlı Fərqanə musiqiçi və aktrisadır. O, yaradıcılığını aktivizmlə yanaşı özünün əziyyət çəkdiyi depressiya ilə də əlaqələndirir:

“Hansı ki, digər insanlar da bundan əziyyət çəkir. Mən daha çox insanların danışmadığı şeyləri yazıram”- o qeyd edir ki, elə növbəti mahnısı da LGBTIQ+larla bağlıdır.

Bir neçə il bundan əvvəl atası ona oriyentasiyası ilə bağlı sual verib, daha sonra isə dərhal dost olduqlarını vurğulayıb. Buna baxmayaraq, Fərqanə sualı cavabsız qoymalı olub:

“Bu, həmin vaxt psixoloji sağlamlığıma yaxşı təsir etmişdi. Amma “hə” deyə bilməmişdim. Bilirdim ki, desəm, atam məni məcburi psixoloqa göndərəcək. Hansı ki, Azərbaycandakı psixoloqlar adamın psixologiyasını alt-üst edir”.

Fərqanə deyir ki, trans sevgilisi ilə olan uzunmüddətli münasibətini ailəsindən gizlətməyə məcbur olub və onu dostu kimi təqdim edib. Çünki valideynlərinin mövqeyi onunku ilə üst-üstə düşməyib.

“Birmənalı olaraq özünü evdə yad hiss edirsən. Ailən sənin doğmalarındır, amma onlara yadsan. Onlardan bir kimlik gizlədirsən. Bu kimliyə görə təhlükədə olduğunu bilirsən. Təkcə təhlükə deyil, ölümdən daha qorxulu şeylər var”- o qeyd edir ki, ailədə ona yalnız bacısı dəstək olur.

Adının açıqlanmasını istəməyən bacısının sözlərinə görə, valideynləri hər şeyi bilir, lakin qəbul etmirlər. Bu haqda evdə ümumiyyətlə söhbət açılmır:

“Təəssüf ki, Azərbaycanda LGBTIQ+lara qarşı təzyiq və təhqirlər davam edir. Amma Fərqanəyə bu cür təzyiqlərin olduğunu nə görmüşəm, nə də eşitmişəm. Amma elə bir şey olarsa, əlbəttə ki, ilk yanında dayananlardan biri mən olacam. Hər zaman onun yanındayam”.

ILGA-Europe təşkilatının LGBTIQ+ ların hüquqları ilə bağlı vəziyyətə dair illik hesabatlarında 5 ildir ki, Azərbaycan 49 ölkə arasında sonuncu yerdə qərarlaşır.  Təşkilat bu reytinqi tərtib edərkən hüquq bərabərliyini, nifrət əsaslı cinayətlər və düşmən ritorikasını, diskriminasiyanı, gender müxtəlifliyinin hüquqi cəhətdən tanınması kimi məsələləri nəzərdən keçirir.

Məsələn, təkcə iki il ərzində ölkədə qətlə yetirilən kuirlərin sayı 3-ə çatıb.

Bunlardan biri də bu ilin fevral ayında əmisi oğlu Əmrulla Güləliyev tərəfindən qətlə yetirilən 24 yaşlı LGBTIQ+ fəalı və jurnalist Əvəz Hafizli olub. Güləliyev ifadəsində qətlin səbəbini Əvəzin “nəsillərinin adını batırması” kimi göstərib. Qətlə yetirilən Əvəz Hafizlinin ailə üzvləri və qohumları onun hüquqlarını məhkəmədə müdafiəsiz qoyub, anası ilə qardaşının fikirləri haçalanıb.

Belə ki, məhkəmə iclaslarının birində Təbriz Şıxməmmədov qısa ifadəsində qardaşını qətlə yetirən şəxsi müsbət obrazda təqdim edib, onunla doğmalığını vurğulayıb:

“Heç bir şikayətimiz yoxdur. Bu gün də Əmrullanın ailəsi ilə problemimiz yoxdur. Biz iki qardaş, bir bacı olmuşuq, Əmrulla da bizimlə böyüyüb deyə ona da qardaş demişik. Ailə üzvlərimin də Əmrullaya qarşı şikayəti yoxdur”.

Ancaq şahid kimi dindirilən anası Cəmalə Şıxməmmədova isə övladını qətlə yetirən şəxsə ən ağır cəza verilməsini istəyib:

“Əvəz bu biri uşaqlardan fərqli geyinirdi. Ancaq heç kimlə işi yox idi. Səhər gedib, axşam gəlirdi. Mən səhər rayona gedəndə Əvəz yatmışdı, qayıdanda meyitini gördüm. Əmrulla onu yatdığı yerdə öldürüb. Bütün yorğan-döşək qan içindəydi. Mən Əmrullaya ən ağır cəza istəyirəm. O, mənim günahsız balamı öldürüb”.

Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

28 yaşlı trans qadın Loren Abbaslı heç zaman öz gender kimliyini ailəsinə ayrıca bildirməyə ehtiyac olmadığını deyir. O düşünür ki, kimliyi uşaqlıqdan bəri onlara məlum olub və bu səbəblə ondan heç zaman üz döndərməyiblər:

“Oriyentasiyamla bağlı hisslərimin uşaqlıqdan üzdə olması mənim üçün ailəmlə birlikdə olmaq mükafatı ilə nəticələnib. Ailəm məni addım-addım gördükləri üçün qəbul edib” .

Loren əlavə edir ki, bəzən atası ilə soyuq münasibətləri olsa da, sonradan araları düzəlib:

“Ən gec atam qəbul edib. Anam sadəcə məni övladı olduğum üçün qəbul edib. O mənə sadəcə “sən mənim övladımsan, hər zaman arxandayam” deyib. Atam da sonradan “əsas odur ki, yanlış işlərini görməyək” dedi. Həyatla mübarizə aparırsansa, sənə köməklik də edərik”.

Loren deyir ki, ailəsindən dəstək görmək onun üçün çox əhəmiyyətlidir:

“Onlardan dəstək görməsəydim, bilirsiz necə hiss edərdim? Bir ağac kökü quruduğu zaman mineral maddələr gəlmədiyi üçün o budaq qırılır. Ailəm o kökü qurutsaydı, ağacdan qırılmış budaq kimi hiss edərdim. Bu, məni çox incidərdi. O budaq hələ də o ağacın üzərində olduğu üçün xoşbəxtəm, çünki hələ də yaşarır, yarpaqlanır, çiçəklər açır”.

Hazırda İspaniyada məskunlaşan Rəvan Nəsiminin ailəsindəki vəziyyət isə bir qədər fərqlidir. 2012-ci ildə Rəvan oriyentasiyasını ailəsinə bəyan edəndə həm qardaşı, həm də anası bunu normal qarşılayıb və ona dəstək çıxıblar:

“Qardaşım və anam normal qarşıladılar. Anam sadəcə bir fiziki problemim olub-olmadığını soruşdu. Mən ona izah edəndən sonra dedi ki, əsas odur özünü xoşbəxt hiss et və sağlam ol. Mənim üçün önəmli olan budur. Qardaşım isə nişanlanana qədər səssiz qaldı”.

O bildirir ki, qardaşı ailə həyatı qurandan sonra vəziyyət tamamilə dəyişib:

“Dəqiq xatırlamıram. Səhv etmirəmsə, 2017-ci ildə üstümə bıçaq çıxarıb təhdid etmişdi. Qardaşımla hal-hazırda əlaqəm yoxdur”- o deyir.

Rəvan əlavə edir ki, ildə bir dəfə qardaşının ad günündə əlaqə saxlayırlar, o da soyuq danışıqdan o yana keçmir.

Rəvanın sözlərinə görə, anasından aldığı dəstək onu ayaqda saxlayır:

“Biləndə ki, sənin arxanda ailən var, onlarla heç bir problemin yoxdur, səni hər halınla sevirlər, sənə görə mübarizəyə qalxarlar, o zaman cəmiyyət səni əzmə cürətini özündə tapa bilmir. Ona görə ailəmin mənə dəstək olması məndə çox böyük güc yaradıb. Bu misilsiz bir şeydir”.

Feminist və kuir platforma olan Gender Resurs Mərkəzinin sosial içşisi Elnur Musayev deyir ki, mərkəzə daha çox müraciət kuirlərdən gəlir, lakin onlar arasında kömək xəttinə zəng vuran valideynlər də var:

“Onlar öz övladları haqqında soruşurlar ki, biz necə kömək edə bilərik, bu nədir? Çünki məlumatsızlıq var, öz övladları ilə necə əlaqəyə girəcəkləri ilə bağlı dəstək istəyirlər. Ümumiyyətlə, gey olmaq nə deməkdir? Oriyentasiya necə yaranır? Mən nəyi səhv elədim ki, bu baş verdi, tipli suallar verirlər”.

Elnur Musayevin fikrincə, kommunikasiyanın az, yaxud heç olmadığı ailələrdə valideynlər necə reaksiya verəcəklərini və ya davranacaqlarını bilmirlər:

“Mümkündür ki, biz bunu psixoloq, ailə terapiyasına yönləndirməklə münasibətdəki o qopmanı bərpa edə bilək”- o qeyd edir.

Musayevin sözlərinə görə, kaminq out (oxu: cinsi oriyentasiyanızı, kimliyinizi anlamaq, qəbul etmək və qiymətləndirmək prosesidir) mərhələsi çox önəmlidir. Buna görə də kuir şəxsin özü öncə terapiyadan keçərək ehtiyaclarını müəyyənləşdirməlidir:

“Önəmli olan odur ki, bu proses sağlam şəkildə keçsin. Həm valideyn, həm onun övladı, həm kuir insanlar üçün. Əgər bu şəkildə baş verməsə, bir çox hallarda görürük ki, valideynlər öz övladlarını evdən atırlar, evdən çıxmağa icazə vermirlər. Bir çox insani hüquqlarını əllərindən almağa çalışırlar”.

Psixoloq Cəmilə Rəhimli qeyd edir ki, ailənin insan həyatında vacibliyi insanlara təlqin edildiyi kimi deyil. Onun fikrincə, vacib məsələ şəxsi olduğu kimi sevən və dəyərli göstərən mühiti və ya vasitəni özünün seçməsidir:

“Olduğu kimi sevilmə və qəbul edilmə hər bir şəxsin əsas ehtiyaclarındandır. Şəxsiyyəti, görünüşü və ya cinsi kimliyi, cinsi meyli ailəsi tərəfindən qəbul edilməyən bir şəxs olduğu kimi sevilməyə layiq olmadığını düşünə bilər və buna bağlı yaşamda münasibətlər və işlərində çətinlik yaşaya bilər. Bu çətinliyin öhdəsindən isə ailə olmadan da, həmin inancları dəyişdirən yeni və dəstəkləyici təcrübələrlə gələ bilər”- deyən psixoloq əlavə edir ki, ailədən dəstək almaq arzulanan olsa da, olmadığı halda şəxsin bu dəstəyi başqa şəkildə əldə etməyi də mümkündür:

“Bu dəstək qaynaqları, sevildiyini hiss etdirən dostlar, romantik münasibətlər, bacarıqlı olduğunu göstərən iş və məşğuliyyətlər də ola bilər. Eyni zamanda psixoterapiya dəstəyi də şəxsin olduğu kimi sevilən və dəyərli biri olduğunu görməyinə kömək edən bir vasitə ola bilər”.

Jurnalist: Əsli İsmayılzadə
İllüstrator: Aydan Həsənova

Məqalə Abzas Media üçün “QueeRadar”ın mentorluq proqramı çərçivəsində hazırlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun