ABŞ Azərbaycanı İranın “təhdidlərindən” qorumaq niyyətindədir

ABŞ Azərbaycanı İranın “təhdidlərindən” qorumaq niyyətindədir
11 Noyabr 2022
Mətni dəyiş

ABŞ Dövlət Departamenti İranın region üçün təhlükə yaratdığını bildirib

“ABŞ Azərbaycanı İranın “təhdidlərindən” qorumaq niyyətindədir”- bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays həftəlik brifinq zamanı İranla Azərbaycan arasında son gərginliklə bağlı sualı cavablandırarkən deyib.

Ned Praysın sözlərinə görə, “ABŞ üçün İranın region üçün təhlükə yaratdığı aydındır”.

Brifinqdə jurnalist Praysa sual ünvanlayıb: "İran Azərbaycan kimi qonşu ölkələrlə bağlı ritorikasını gücləndirir. Son vaxtlar hədələr artıb, Azərbaycanı İran ərazisində terror aktı törətməkdə də ittiham ediblər. İran qonşu ölkələrə qarşı ritorikasını davam etdirsə, ABŞ onları qoruya biləcəkmi?” 

Prays suala cavabında bu həftənin əvvəlində ABŞ dövlət katibinin azərbaycanlı həmkarı ilə görüşdüyünü xatırladıb: "İranın region üçün təhlükə olduğu bizə yaxşı aydındır. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəhayət, İranın regionda və ola bilsin ki, onun hüdudlarından kənarda sabitliyi pozan təsirlərinə qarşı durmağa davam edəcəyik”.

İran hakimiyyəti Şirazda Şah-Çərəx məqbərəsində 13 nəfərin həlak olduğu, 40-dan çox insanın yaralandığı terror aktını Azərbaycan vətəndaşının təşkil etdiyini bəyan edib. 

Noyabrın 11-də İranın Xarici İşlər Nazirliyi "anti-İran təbliğatına görə" Azərbaycan səfirini çağırıb. Bu barədə İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb. 

Nazirlik Azərbaycanın yüksək səviyyəli rəsmilərinin “qeyri-dost ifadələrinə” və ölkə mediasının İrana qarşı apardığı kampaniyaya kəskin etirazını bildirib, bu cür hərəkətlərə dərhal son qoymağa və onların təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun