XİN orduyla bağlı yayılan videoların araşdırıldığını açıqlayıb

XİN orduyla bağlı yayılan videoların araşdırıldığını açıqlayıb
4 Oktyabr 2022
Mətni dəyiş

Nazirlik Qərb dövlətlərindən tələb edib ki, eyni münasibəti Ermənistanın törətdiyi hərbi cinayətlərə qarşı da sərgiləsinlər 
 

Xarici İşlər Nazirliyi bu günlərdə sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin törətdiyi iddia olunan və hərbi cinayət kimi təqdim edilən videolara münasibət bildirib. 
 
Qurumun mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, yayılan videolarla bağlı Ermənistan XİN-nə rəsmi açıqlama verilib. 

L. Abdullayeva qeyd edib ki, video görüntülərlə bağlı Azərbaycanın Hərbi Prokurorluğu bir müddət öncə araşdırmanın başlanılması ilə bağlı məlumat verib: 
 
"Vurğulamaq istərdik ki, bu araşdırma hər hansı çağırışlara cavab olaraq deyil, məhz Azərbaycanın hər zaman beynəlxalq öhdəliklərinə ciddi yanaşması çərçivəsində başladılıb. O ki, qaldı bəzi Qərb dövlətlərindən edilən çağırışlara, maraqlıdır bu şəxslər 30 il ərzində, habelə 2020-ci il 44 günlük müharibə zamanı dünya ictimaiyyətinin gözü qarşısında Ermənistanın törətdiyi çoxsaylı hərbi cinayətlərlə bağlı, bu cinayətlərin araşdırılması, səbəbkarların cəzalandırılması ilə bağlı hansı çağırışları ediblər?" 
 
Xarici İşlər Nazirliyi bildirib ki,  Ermənistanda indiyədək bir nəfər də olsun azərbaycanlılara qarşı hərbi cinayətlərə görə məsuliyyətə cəlb olunmayıb. 
 
XİN tələb edib ki, qərəzsiz yanaşma üçün onları tənqid edən Qərb dövlətləri Ermənistanın törətdiyi hərbi cinayətlərə görə də məsuliyyət tələb etməlidirlər: "Əks təqdirdə bu, erməni təbliğatı nəticəsində verilmiş birtərəfli açıqlamadan başqa bir şey deyildir”.
 
Bir neçə gün öncə sosial mediada azərbaycanlı hərbçilərin silahsız erməni hərbçilərini atəşə tutaraq öldürməsi ilə bağlı video görüntülər yayılıb. Hərbi Prokurorluq açıqlama yayaraq görüntülərin araşdırıldığını və oradakı hərbi qulluqçuların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı işin aparıldığını bildirib. Video görüntülərin nə zaman çəkildiyi bəlli deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun