Ukraynaya kütləvi raket hücumunda ölənlər var

Ukraynaya kütləvi raket hücumunda ölənlər var
10 Oktyabr 2022
Mətni dəyiş

V. Zelenski: "Sizə yalvarıram, sığınacaqları tərk etməyin" 

10 oktyabr səhər saatlarında Ukraynanın bir neçə şəhəri kütləvi raket zərbələrinə məruz qalıb. Ölkənin paytaxtı Kiyevə, həmçinin Dnepr, Xarkov, Jitomir, Nikolayev və Qərbi Ukraynanın bir sıra şəhərlərinə hücumlar olduğu bildirilir.

Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb ki, ölkənin bütün ərazisi hücuma məruz qalıb və mülki obyektlər, ilk növbədə enerji obyektləri əsas hədəfə çevrilib:

"Təəssüf ki, ölənlər və yaralananlar var. Sizə yalvarıram, sığınacaqları tərk etməyin. Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin, bir və möhkəm olaq" - dövlət başçısı Teleqram kanalında yazıb.

Rusiya Müdafiə Nazirliyi Krım körpüsünün partladılmasından iki gün sonra edilən hücumlarla bağlı şərh verməyib.

Kiyevdə bir neçə partlayış baş verib. Şəhərdə hava hücumundan müdafiə sisteminin işə düşdüyü bildirilir. Şəhərin meri Vitali Kliçko qeyd edib ki, ən azı beş partlayış olub, yaralılar və ölənlər var. Polisin ilkin məlumatlarına görə, azı 5 nəfər həlak olub.

Dneprə də zərbələr endirilib. Odessada hava hücumundan müdafiə sistemlərinin zərbə PUA-larını vurduğu iddia edilir.

Ukraynanın bəzi şəhərlərində elektrik enerjisi kəsilib. Lvov meri raket hücumu nəticəsində İES-in zədələndiyini təsdiqləyib. Xarkovda da işıqla bağlı fasilələr yaranıb.

Gecə saatlarında Zaporojyeyə yeni raket hücumlarının edildiyi bildirilir.

Oktyabrın 8-də səhər tezdən Krım körpüsündə partlayış olub. Rusiya prezidenti Vladimir Putin Ukrayna xüsusi xidmət orqanlarını körpünün partladılmasında günahlandırıb.

Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Krım körpüsündə baş verən partlayışa cavabın “yalnız terrorçuların birbaşa məhv edilməsi ola biləcəyini” bildirərək, “bu, dünyada belə qəbul olunub” demişdi. 

Rəsmi Kiyev partlayışda əli olduğunu inkar edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun