Səməd Seyidov sərhəddə yığılan qoşunlarla bağlı: “Biz hər şeyə hazır olmalıyıq"

Səməd Seyidov sərhəddə yığılan qoşunlarla bağlı: “Biz hər şeyə hazır olmalıyıq"
19 Oktyabr 2022
Mətni dəyiş

Politoloq Azər Qasımlı: "İstəyirlər Brüsselə 15 dəfə gedib gəlsinlər, burada dəyişəcək bir şey yoxdur"

Azərbaycan və Ermənistan rəsmiləri bir-birini sərhəddə əlavə qüvvə toplamaqda ittiham edir.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Daşkəsən rayonu ilə üzbəüz sərhəddə hərbi texnika və əlavə qüvvə yığdığını bildirib.  Ermənistan rəsmiləri isə açıqlayıb ki, sərhəddə hərbi qüvvəni Azərbaycan toplayıb və buna cavab olaraq eyni addımı atıblar. 

Bəs görəsən, sülh danışıqlarının fonunda, Azərbaycan Ermənistan sərhəddində Avropa İttifaqının monitorinq missiyası olduğu halda yeni hərbi insident yaşana bilərmi? 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, Ermənistan bir tərəfdən müsbət mesajlar verir, digər tərəfdən provokasiyalar edir:

“Biz hər şeyə hazır olmalıyıq və israrla sülh uğrunda mübarizəni davam etdirməliyik. Hər şey ola bilər, Ermənistanda vahid mövqe yoxdur. Sənədi imzalayan bir qüvvə, sənədə qarşı işləyən ikinci qüvvə, xalqa tamamilə zidd davranış göstərən diaspora qüvvələri və bütün Ermənistanı alətə çevirib regionda qeyri-sabitlik yaratmaq istəyən geosiyasi oyunçular var. Bir tərəfdən bəyanata imza atırlar, Alma-ata bəyannaməsini, BMT qətnamələrini qəbul edirlər, delimitasiya, demorkasiya komissiyalarının görüşü planlaşdırılır, digər tərəfdən isə qoşun, ordu, silah, provakasiyalar...” – deyə o, bildirib.

Politoloq, Siyasi Menecment İnstitutunun (SMİ) idarə heyətinin üzvü Azər Qasımlı deyir ki, hazırda regionda heç nə dəyişməyib və hər şey baş verə bilər:

“Rusiya nə qədər burada prosesə təsir edə bilən əsas söz sahibi olaraq qalacaq, heç nə dəyişməyəcək. İstəyirlər Brüsselə 15 dəfə gedib gəlsinlər, burada dəyişəcək bir şey yoxdur. Həm Ermənistan, həm də İlham Əliyev Rusiyadan asılı vəziyyətdədir. İlham Əliyev ona görə asılıdır ki, eynən Putin kimi avtoritar rejim qurub Azərbaycanda və bu nöqteyi-nəzərdən Putinlə bağlılığı var, Rusiyanın bölgədə zəifləməsində maraqlı deyil. Əliyev istəmir ki, Rusiya prosesdən çəkilsin. Çünki bilir ki, Rusiya çəkilsə, Qərb, Avropa Birliyi daha təsirli olacaq və bu da Əliyevin hakimiyyət maraqlarına xidmət etmir” – deyə o bildirib.

Siyasi şərhçi deyir ki, Avropa İttifaqının monitorinq missiyası sərhəddə olsa da, yeni insidentlər yaşana bilər:

“Hər iki tərəfdən provakasiya ola bilər. Hər iki tərəf bunları başa düşməlidir və bir-birinə doğru addım atmalıdır. Amma mən bunu görmürəm” – deyə politoloq bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun