Nazir ukraynalılara: "Xahiş edirəm, hələ heç kim qayıtmasın, qışdan sağ çıxmalıyıq"

Nazir ukraynalılara: "Xahiş edirəm, hələ heç kim qayıtmasın, qışdan sağ çıxmalıyıq"
25 Oktyabr 2022
Mətni dəyiş

Ukrayna hökuməti qaçqınları yaza qədər vətənlərinə qayıtmamağa çağırıb

Rusiyanın işğalı nəticəsində ölkələrindən didərgin düşən ukraynalılara bu qış öz vətənlərinə qayıtmamaları tövsiyə edilib. “RBC-Ukrayna” bildirir ki, bu barədə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası naziri İrina Vereşçuk məlumat verib:

“Rusiya dinc əhaliyə qarşı terrora keçib, ordu ilə vuruşa bilmir, döyüş meydanında uduzur. Xahiş edirəm ki, hələ heç kim qayıtmasın, qışdan sağ çıxmalıyıq. Rusiyanın nələr etdiyini görürsünüz. Hələ dönməyin. Əgər mümkündürsə, qışı xaricdə keçirin” – İrina Vereşçuk bildirib.

Oktyabrın 10-dan Rusiya hərbçiləri Ukrayna şəhərlərinə irimiqyaslı raket zərbələri endirir. Rusiyanın Müdafiə Nazirliyi yalnız hərbi və enerji infrastruktur obyektlərinə hücum etdiyini iddia edir, lakin raketlərin mülki hədəfləri də vurduğu müşahidə edilir. Kreml raket zərbələrini Kerç boğazında Krım körpüsündə baş verən partlayışa cavab adlandırıb. Rusiya hökumətinin fikrincə, partlayışı Ukrayna xüsusi xidmət orqanları təşkil edib. Rəsmi Kiyev də Rusiyanın zərbələrindən ölkənin elektrik stansiyalarının 30-40 faizinin zərər çəkdiyini bildirib.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin sentyabrın ortalarında verdiyi məlumata görə, müharibə başlayandan bəri 12,6 milyondan çox insan Ukraynanı tərk edib, beş milyondan çox insan sonradan evlərinə qayıdıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun