İlham Əliyev: “Qarabağın minalardan təmizlənməsi üçün 30 il və 25 milyard dollar lazımdır”

İlham Əliyev: “Qarabağın minalardan təmizlənməsi üçün 30 il və 25 milyard dollar lazımdır”
13 Oktyabr 2022
Mətni dəyiş

İqtisadçı: "Minatəmizləmə 2021-ci ildə 1 kvadrat metr ərazi üçün 1,5 manata başa gəlibsə, prezidentin elan etdiyi rəqəmlə bu, 5 manata başa gələcək"

“Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard dollar lazımdır”- bu sözləri prezident İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı bildirib.

İ.Əliyev bildirib ki, ilkin hesablamalara görə, Ermənistan işğal zamanı Qarabağ ərazisində bir milyondan çox mina basdırıb. Müharibənin bitməsindən keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

İqtisadçı ekspert Toğrul Vəliyev bildirir ki, minaların təmizlənmə xərcləri və strukturu barədə heç bir məlumat verilmədiyinə görə, sözügedən məbləğin əsasən nəyə sərf olunacağını demək də çətindir. Amma o, 2016-cı il Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinə bitişik olan ərazilərin minalardan təmizlənməsi və 2021-ci ildə ANAMA-nın həyata keçirdiyi işlərlə bağlı hesabatları təhlil edərək bu məbləğin nə qədər ağılabatan olmasını təhlil edir:

"Prezidentin sözlərindən belə çıxır ki, 1 kvadrat metr ərazinin təmizlənməsi üçün təxminən 3 dollar, yəni ən az 5 manat vəsait lazım olacaq. Nazirlər Kabinetinin 2021-ci ildəki hesabatında qeyd olunan rəqəmlərə istinad etsək, görürük ki, orada 1 kvadrat metrin təmizlənməsi təxminən 1,5 manata, yəni 90 sentə başa gəlib. Yəni, prezidentin elan etdiyi rəqəmlərlə Nazirlər Kabinetinin 2021-ci ildə açıqladığı rəqəmlər arasında ciddi fərq var. Amma biz yenə də bu vəsaitlə nəyin nəzərdə tutulduğunu bilmirik. Bəlkə burada itkilər də nəzərdə tutulur. Çünki bu dövr ərzində müvafiq ərazinin istismarı mümkün olmayacaq və s. Ona görə də bu, sadəcə rəqəmdir. Konkrert işlərə baxdıqda isə ciddi fərqlərin olduğunu görmək mümkündür. Yəni, minatəmizləmə 2021-ci ildə 1,5 manata başa gəlib. Prezidentin elan etdiyi isə 5 manatdır. Əlbəttə ki, burada intensivlik, iş qüvvəsi və ərazilərin minalardan çirklənmə səviyyəsini də nəzərə almaq lazımdır”-T.Vəliyev bildirib.

Prezidentin minalardan təmizlənmə üçün 30 ilə ehtiyac olması ilə bağlı fikrinə gəlincə, iqtisadçı bildirir ki, hazırda hansı ərazinin, nə qədər mina ilə çirkləndiyi bilinmir.  Çünki bu barədə rəsmi rəqəm təqdim olunmur:

“İkinci Dünya Müharibəsindən sonra bəzi ölkələrdə minatəmizləmə prosesi yalnız 30-40 ildən sonra bitib. Bəzi ölkələrdə hələ də bu proses davam edir. Yəni, bu, o demək deyil ki, minatəmizləmə əməliyyatları daimi aparılır. Bunun yaşayışla və sairə ilə heç bir əlaqəsi yoxdur. Sadəcə ərazi-ərazi təmizləndiyinə görə, burada ciddi problem görmürəm. Bununla belə, nəzərə almaq lazımdır ki, bütöv ərazi mina ilə tam çirklənmiş olmaya da bilər. Həmçinin nəzərə alınmalıdır ki, düzdür, bütöv ərazi yoxlanılmalıdır, amma hətta 2000-ci ildə dövlətin müvafiq komissiyası tərəfindən təsdiq olunmuş bir plana görə, bu ərazinin bütöv hamısı deyil, təxminən 10 faizi mina ilə çirklənmiş sayılırdı"– iqtisadçı deyib.

Toğrul Vəliyev qeyd edir ki, hökumətin əraziləri minalardan təmizləmək üçün nəzərdə tutduğu 25 milyardlıq büdcəsi var.  Bu, ilə təxminən 1 milyard manat deməkdir. İqtisadçı bildirir ki, 2021-ci ildə ANAMA   minalardan təmizlənmə işinə təxminən 105 milyon manat xərcləyib:

"Digər qurumlarla birlikdə xərclər maksimum 200 milyon civarındadır. Düşünürəm ki, 2022-ci ildə bu xərclərin həcmi ən az 2 dəfə çox olacaq. Çünki ərazilər artıq daha çox və sürətlə təmizlənir. Bu məbləğ təxminən 400 milyon manata çatar. Əslində eyni zamanda qayıdışın da baş verəcəyini nəzərə alsaq, minatəmizləmə prosesi özəl sektorla birlikdə həyata keçirilsə, o zaman bu xərcləri tamamilə dövlətin çiyinlərindən götürmək mümkündür” – iqtisadçı əlavə edib.

Azərbaycan minaların təmizlənməsi üçün Avropa İttifaqından və digər qurumlardan qrantlar alıb.

Hökumətin prosesi sürətləndirmək üçün hansı ölkələrlə əməkdaşlıq etməsinə gəlincə, iqtisadçı deyir ki, bu barədə də hesabatlılıq yoxdur.

İkinci Qarabağ müharibəsi bitəndən bir neçə gün sonra Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) mətbuata verilən açıqlamada qeyd olunurdu ki, işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il müddətə ehtiyac var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun